Mertz azyaşlıların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəklədi
13:12 DünyaAlmaniyanın kansleri Fridrix Mertz yetkinlik yaşına çatmayanlar üçün sosial şəbəkələrdən istifadənin qadağan olunmasını dəstəklədiyini bildirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Şlezviq-Holşteyn torpağının regional hakimiyyəti fevralın 20-də keçiriləcək Xristian Demokratlar İttifaqı partiyasının qurultayı üçün bu barədə müvafiq təklif hazırlayıb.
Təklifdə "Facebook", "Instagram", "TikTok" və digər platformalardan istifadə üçün minimum yaş həddinin 16 olaraq müəyyənləşdirilməsi və bunun məcburi yaş təsdiqi (verifikasiya) ilə müşayiət olunması tövsiyə edilir.
Almaniya Federativ Respublikasının kansleri "Machtwechsel" podkastında bildirib ki, o, sözügedən təklifə, eləcə də Almaniya Sosial-Demokrat Partiyasının təşəbbüsünə böyük rəğbətlə yanaşır.
"Məsələn, bu gün 14 yaşlı uşaqlar gündə beş və daha çox saatlarını ekran qarşısında keçirirlərsə, onların sosiallaşması yalnız bu vasitə üzərindən baş verirsə, gənclər arasında şəxsiyyətin inkişafında çatışmazlıqlara və sosial davranış problemlərinə təəccüblənməməliyik", - deyə Mertz bildirib.