Aİİ və İran arasında azad ticarət: 2 mindən çox məhsul üçün məhdudiyyətlər aradan qalxdı – ÖZƏL
12:30 DünyaAvrasiya İqtisadi İttifaqı (Aİİ) ilə İran arasında imzalanmış azad ticarət sazişi Tehrana 2 mindən çox müxtəlif növ malın məhdudiyyətsiz tədarükünə şərait yaradıb.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya-İran hökumətlərarası komissiyasının həmsədri, Rusiyanın energetika naziri Sergey Tsivilyov məlumat verib.
Fevralın 18-də keçirilən komissiya iclasında tərəflər ticari-iqtisadi əlaqələrin gücləndirilməsi üçün konkret addımları müzakirə ediblər. Tsivilyovun sözlərinə görə, əsas hədəf biznes və dövlət qurumları arasındakı əlaqələrin səmərəliliyini artırmaq, mal dövriyyəsinin dayanıqlı artımını təmin etmək və ticarətin diversifikasiyasına nail olmaqdır.
Ötən il qüvvəyə minmiş saziş nəticəsində 2 mindən çox mal mövqeyi üzrə ixrac məhdudiyyətləri götürülüb. Bu siyahıya qənnadı məmulatları, un, yüngül sənaye məhsulları, eləcə də müxtəlif maşın və avadanlıqlar daxildir.
Nazir həmçinin qeyd edib ki, ötən ilin yanvar-noyabr aylarında Rusiya ilə İran arasında ticarət dövriyyəsi 13,1% artaraq 4,8 milyard dollara çatıb.