Gürcüstanın keçmiş baş prokuroru fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham edilir
12:09 DünyaGürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze saxta çağrı mərkəzləri vasitəsilə törədilən fırıldaqçılıq və çirkli pulların yuyulması ilə bağlı cinayət işi üzrə əsas fiqurlardan biri kimi müəyyən edilib.
"Report"un yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın Baş prokurorluğunun keçirdiyi brifinqdə məlumat verilib.
Qeyd olunub ki, iş üzrə 10 nəfərə qarşı cinayət işi başlanılıb:
"Hazırda gizlənən Partsxaladzeyə qarşı qiyabi ittiham irəli sürüləcək. Eyni iş üzrə tanınmış media nümayəndəsi, "Kronika+" nəşrinin təsisçisi Eliso Kiladze isə həbs edilib".
Bildirilib ki, 2020-2023-cü illər ərzində Gürcüstanda Otar Partsxaladzenin himayəsi altında fəaliyyət göstərən koordinasiyalı mütəşəkkil cinayətkar qrup mövcud olub. Qrupun əsas məqsədi saxta investisiya platformaları vasitəsilə xarici vətəndaşların vəsaitlərini ələ keçirmək və sonradan həmin pulları leqallaşdırmaq olub.
İstintaq müəyyən edib ki, Tbilisinin müxtəlif ərazilərində rus, ingilis və alman dilli bölmələri olan saxta çağrı mərkəzləri yaradılıb. Operatorlar vətəndaşları guya gəlirli investisiya layihələrinə cəlb edərək onların külli miqdarda pul və kriptovalyutalarını mənimsəyiblər.
Prokurorluğun açıqlamasına əsasən, yalnız istintaqın bu mərhələsində 200-dən çox xarici vətəndaşa məxsus təxminən 9,5 milyon ABŞ dolları dəyərində kriptovalyutanın saxtakarlıq yolu ilə ələ keçirildiyi təsdiqlənib.
Otar Partsxaladze, Eliso Kiladze və digər təqsirləndirilən şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) və 194-cü (çirkli pulların yuyulması) maddələri ilə ittihamlar irəli sürülüb. Bu maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.