Gürcüstanın qaz strategiyası: Davitaşvili gələcək planlardan danışdı – ÖZƏL
18 Fevral 11:21 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın sabiq baş nazir müavini Levan Davitaşvili Dövlət Təhlükəsizlik Xidmətində (SGB) sorğudan sonra jurnalistlərə açıqlama verib.
O bildirib ki, görüş zamanı Gürcüstanın qaz təchizatı məsələsi müzakirə olunub və gələcəkdə ölkənin stabil qazla təminatının necə həyata keçiriləcəyi ətraflı şəkildə nəzərdən keçirilib.
Davitaşvilinin sözlərinə görə, Gürcüstan son illərdə Avropanın qaz təchizatında fəal rol oynayır və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu istiqamətdə ölkə Azərbaycan Respublikası ilə əməkdaşlıq edir.
Sabiq baş nazir müavini qeyd edib ki, müzakirələr zamanı Gürcüstanın qaz təchizatı prosesində fəal iştirakının mümkün riskləri də dəyərləndirilib. O, məsələ ilə bağlı ətraflı və dolğun məlumat təqdim etdiyini vurğulayıb.
Bundan əlavə, tərəflər mövcud qaz müqavilələrini də müzakirə ediblər. Davitaşvilinin sözlərinə görə, bəzi müqavilələr uzunmüddətli zəmanətə malikdir, digərlərinin isə müddətinin uzadılması və yenidən nəzərdən keçirilməsi tələb olunur. Bu məsələlər də görüşün əsas mövzularından biri olub.