Tehranın “nüvə alveri”: Şərt dili, yoxsa strateji səhv? – ÖZƏL

İran Ali Liderinin müşaviri Əli Şamxani rəsmi Tehranın uranın zənginləşdirilməsi səviyyəsini 60%-dən 20%-ə endirməyə hazır olduğunu bəyan edib. Şamxani bu addım üçün ABŞ-nin müvafiq "bədəl" ödəməli olduğunu vurğulayaraq, yüksək səviyyəli zənginləşdirmənin sadəcə danışıqlarda rıçaq rolunu oynadığını qeyd edib. Avropanı "səriştəsizlikdə" ittiham edən rəsmi, İranın yalnız ABŞ ilə birbaşa danışıqlara hazır olduğunu bildirib.

"Bu gün İran tərəfinin danışıqlar masasında nəsə diktə edəcək qədər manevr imkanları və resursları yoxdur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, istər qardaş Türkiyə Respublikası, istərsə də digər vasitəçilər indiyədək İrana mümkün növbəti zərbələrin qarşısını ala biliblərsə, bu, İran üçün daha soyuqqanlı və daha praqmatik qərarlar qəbul etmək baxımından bir fürsət kimi dəyərləndirilməlidir. Belə bir mürəkkəb vəziyyətdə Amerika Birləşmiş Ştatları ilə şərt dili ilə danışmaq, Avropa Birliyinə saymazyana münasibət sərgiləmək, regionu müharibə ilə təhdid etmək, üstəlik ABŞ tərəfindən İrana hücum olacağı təqdirdə region ölkələrinin də sabitliyinin və normal inkişafının pozulacağı ilə hədələmək, əslində, İranın özü də bilmədən özünə qarşı geniş bir koalisiyanın formalaşmasına zəmin yaradır.

Ekspert qeyd edib ki, bu cür təhdid və şantajlar hər bir ölkənin başı üzərində asılmış Damokl qılıncını xatırladır və həmin dövlətləri daha ciddi, daha qəti addımlar atmağa sövq edə bilər. Hətta bu gün nüvə silahına malik olmayan, ABŞ qarşısında uzunmüddətli müqavimət göstərmək imkanları məhdud olan İranla münasibətlərin birdəfəlik həll edilməsi, təhdid altında saxlanılan region ölkələri üçün də bir çıxış yolu, müəyyən mənada sabitləşdirici mexanizm kimi qiymətləndirilə bilər. Bir anlıq təsəvvür edək ki, İran nüvə dövlətinə çevrilib və "şiə hilalı" adı altında Yaxın Şərqin müsəlman ölkələrində özünə bağlı müxtəlif pozucu qüvvələri maliyyələşdirməklə regionu təkcə şantaj altında saxlamır, eyni zamanda bu ölkələrin daxili və xarici siyasətinə birbaşa müdaxilə etməyə çalışır. Bu ssenari bütövlükdə region üçün daha böyük təhlükə mənbəyinə çevrilə bilər. Bu cür yanaşmalar diplomatik danışıqlar üçün yeni imkanlar yaratmaqdan daha çox, İrana qarşı hərbi müdaxilələri təşviq edən və legitimləşdirən mövqe təsiri bağışlayır.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31