Şuşa əməliyyatı Azərbaycan əsgərinin misilsiz şücaətini göstərdi-Özəl
11:43 Siyasət"Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar təkcə təqvimdə əlamətdar tarix kimi deyil, milli yaddaşımıza, qürurumuza və dövlətçilik tariximizə əbədi həkk olunur. 8 Noyabr - Şuşa Şəhəri Günü məhz belə möhtəşəm tarixi hadisələrdən biridir. Bu gün xalqımızın illərlə qəlbində yaşatdığı Şuşa həsrətinin sona çatmasının, tarixi ədalətin bərpasının və milli iradəmizin təntənəsinin rəmzidir". "Olaylar" xəbər verir ki, bunu YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev deyib: "Şuşa Azərbaycan xalqı üçün adi bir şəhər deyil. Şuşa milli mədəniyyətimizin beşiyi, musiqimizin, muğamımızın, poeziyamızın və zəngin mənəvi dəyərlərimizin formalaşdığı müqəddəs məkandır. Pənahəli xan tərəfindən əsası qoyulan bu şəhər əsrlər boyu Azərbaycanın ictimai-siyasi, mədəni və ədəbi həyatında mühüm yer tutmuş, görkəmli şəxsiyyətlər yetişdirmişdir. Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski, Natəvan, Vaqif kimi korifeylərin adı Şuşanın şöhrətini bütün dünyaya yaymışdır.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi xalqımızın yaddaşında ağır bir faciə kimi qaldı. Şəhərin tarixi-mədəni irsinə ciddi ziyan vuruldu, milli-mənəvi sərvətlərimiz təhqir edildi, Şuşa uzun illər doğma sakinlərinin həsrəti ilə yaşadı. Lakin Azərbaycan xalqı heç vaxt bu işğalla barışmadı, Şuşaya qayıdacağına, doğma torpaqlarını azad edəcəyinə inamını itirmədi.
Bu inamın reallığa çevrilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və Azərbaycan Ordusunun qəhrəmanlığının nəticəsi oldu. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi 44 günlük Vətən müharibəsinin ən mühüm tarixi hadisələrindən birinə çevrildi. Şuşa əməliyyatı Azərbaycan əsgərinin misilsiz şücaətini, fədakarlığını və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi.
Şuşanın azad edilməsi hərbi baxımdan mürəkkəbliyi, strateji əhəmiyyəti və həyata keçirilmə üsulu ilə tariximizdə xüsusi yer tutur. Müzəffər Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri çətin relyef şəraitində, dağları və qayaları aşaraq, böyük rəşadət göstərməklə Şuşaya daxil oldular. Bu Qələbə xalqımızın birliyinin, dövlətimizin gücünün və əsgərimizin yenilməz ruhunun təcəssümü idi".