Atəşkəs pozularsa, Qərbdən 72 saata hərbi cavab planı – ÖZƏL

Ukrayna Qərb tərəfdaşları ilə razılaşıb ki, Rusiyanın gələcək mümkün atəşkəs rejimini sistemli şəkildə pozması Avropa və ABŞ tərəfindən koordinasiyalı hərbi cavabla nəticələnəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadən yazır. FT-nin məlumatına görə, plan ötən ilin dekabrı və bu ilin yanvarında Ukrayna, Avropa və ABŞ rəsmiləri arasında müzakirə olunub. Razılaşmaya əsasən, Rusiya atəşkəsi pozarsa, 24 saat ərzində diplomatik xəbərdarlıq və Ukrayna ordusunun cavab addımları atılacaq. Döyüşlər davam edərsə, ikinci mərhələ işə düşəcək və Aİ ölkələri, Böyük Britaniya, Norveç, İslandiya və Türkiyənin daxil olduğu "istəkli koalisiya"nın qüvvələri cəlb olunacaq.

Pozuntu genişmiqyaslı hücuma çevrilərsə, 72 saat ərzində ABŞ hərbçilərinin də iştirakı ilə Qərbin koordinasiyalı hərbi cavabı nəzərdə tutulur. Nəşr vurğulayır ki, atəşkəsə nəzarət əsas rol oynayacaq və ABŞ 1400 kilometrlik cəbhə xətti boyunca yüksək texnoloji müşahidə vasitələri təqdim etməyi təklif edib.

Yanvarın əvvəlində Parisdə "istəkli koalisiya" ölkələri, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Ukrayna üçün təhlükəsizlik zəmanətləri barədə bəyannamə razılaşdırılıb. Həmçinin Fransa Prezidenti Emmanuel Makron, Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer müharibədən sonra Ukraynada "çoxmillətli qüvvələrin" yerləşdirilməsinə dair niyyət bəyannaməsi imzalayıblar. Bu qüvvələrin Ukraynanın təhlükəsizliyini təmin etmək və ölkənin sülhə qayıdışına dəstək vermək məqsədi daşıdığı bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31