Ermənistanda hakimiyyət cəmiyyəti süni qarşıdurmalarla idarə edir – ÖZƏL
13:16 DünyaSon yeddi ildə Ermənistanın idarəetməsinin əsasını cəmiyyətin parçalanması təşkil edib. Hakimiyyət üçün "yeganə oksigen mənbəyi" daxili qarşıdurmalardır.
Olaylar.az xəbər verir ki, bu fikirləri "Alternativ layihələr" qrupunun üzvü, "Ermənistan" blokundan deputat Elinar Vardanyan Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, bu illər ərzində ardıcıl şəkildə daxili münaqişələr qızışdırılıb, cəmiyyət süni şəkildə bölünüb. Effekt verən qarşıdurmalar saxlanılıb, təsiri azalanlar kənara qoyulub, lakin onların yerinə daim yeniləri yaradılıb.
Vardanyan bildirib ki, hazırda yeni bir qarşıdurma - pensiyaçı nəsillə orta və gənc nəsillər arasında münaqişə yaradılır. Yüksək vəzifəli məmurlara nümayişkaranə şəkildə milyonlarla dram ayrılması onların fəaliyyətinin səmərəliliyi ilə bağlı deyil və siyasi rüşvət xarakteri daşıyır. Eyni zamanda pensiyaçılara 10 min dram verilməsinin "mənasız" olduğu deyilir ki, bu da təxminən yarım milyon pensiyaçıya açıq hörmətsizlikdir.
Deputat vurğulayıb ki, bu yanaşma faktiki olaraq çətin maddi vəziyyətdə olan pensiyaçılarla böyük məbləğlər alan orta nəsil məmurlar arasında qarşıdurma yaradır. Onun fikrincə, dövləti qurmuş, çətin mərhələlərdən keçmiş və nəsillər yetişdirmiş insanlar belə münasibətə layiq deyil.
Vardanyan son illərdə yaradılan daxili düşmənçilik xəttini də xatırladıb. 2018-ci ildən etibarən "keçmişlər-indiki", daha sonra "qara-ağ", "Rusiya yönlü-Qərb yönlü", "artsaxlı-Ermənistan sakini", "sülh gətirənlər-müharibə tərəfdarları" kimi süni bölgülərin cəmiyyətə sırıdıldığını qeyd edib. Onun sözlərinə görə, birtərəfli güzəştlərə etiraz edənlər məqsədli şəkildə "müharibə tərəfdarı" kimi təqdim olunur və bu mövzu növbəti seçki kampaniyasının əsas xəttinə çevrilir.
Deputat əlavə edib ki, hakimiyyətin seçki dövrü üçün yeni qarşıdurma ssenariləri də hazırdır. O, yeni daxili düşmənçilik dalğalarına yol verilməməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu bölünmələr dövlətin deyil, yalnız bir nəfərin və dar bir qrupun maraqlarına xidmət edir.