Rəqəmsal platformaların vergiyə cəlb olunması: Büdcə üçün yeni gəlir mənbəyi-ÖZƏL
15:23 İqtisadiyyat"Netflix, Google, Meta, TikTok kimi böyük rəqəmsal platformaların Azərbaycanda ƏDV ödəməsi dövlət büdcəsi üçün əlavə və kifayət qədər perspektivli gəlir mənbəyidir. Çünki bu şirkətlər Azərbaycan bazarında milyonlarla istifadəçiyə xidmət göstərir, reklam, abunəlik və digər rəqəmsal xidmətlər vasitəsilə ölkədən gəlir əldə edirlər. Əvvəllər bu fəaliyyətin müəyyən hissəsi yerli vergi sistemindən kənarda qalırdısa, qeyri-rezidentlərin vergi uçotuna alınması həmin gəlirlərin vergiyə cəlb olunmasına imkan yaradır".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
" Bununla belə, 15,5 milyon manatlıq ƏDV hələlik büdcə gəlirləri baxımından böyük məbləğ olmasa da, rəqəmsal iqtisadiyyatın böyüməsi ilə bu mənbənin əhəmiyyəti arta bilər.
Düşünürəm ki, bu sahədə vergi potensialımız tam istifadə olunmur. Çünki rəqəmsal xidmət bazarı sürətlə genişlənir və xarici platformaların Azərbaycandan əldə etdiyi gəlirlərin dəqiq həcmini müəyyənləşdirmək, bütün vergi öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək asan deyil. Xüsusilə reklam xidmətləri, onlayn abunəliklər, tətbiqdaxili alışlar və digər rəqəmsal əməliyyatlar üzrə vergi nəzarətinin gücləndirilməsinə ehtiyac var. Burada əsas məqsəd yalnız vergi daxilolmalarını artırmaq deyil, həm də yerli şirkətlərlə xarici platformalar arasında bərabər rəqabət şəraiti yaratmaq olmalıdır.
Vergi yükünün istehlakçılara ötürülməsi ehtimalı da var. Şirkətlər ƏDV-ni xidmət qiymətlərinə əlavə edə, yaxud mövcud qiymətləri artırmaqla bu xərci istifadəçilərin üzərinə yönəldə bilərlər. Belə olan halda Netflix abunəliyi, ödənişli rəqəmsal xidmətlər və digər platformalardan istifadə vətəndaşlar üçün bahalaşa bilər. Lakin bu, bütün şirkətlərin mütləq qiymət artımına gedəcəyi demək deyil. Bəzi şirkətlər vergi yükünü öz mənfəətləri hesabına qarşılaya bilərlər. Nəticə etibarilə, dövlət üçün əlavə gəlir yaranması ilə yanaşı, istehlakçıların əlavə xərclərlə üzləşməməsi arasında balans qorunmalıdır".
Zeynəb Mustafazadə