Avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejiminə keçir
15:00 Sosial8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar ölkə ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar noyabrın 6-10-da gücləndirilmiş iş rejimində çalışacaq.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, məqsəd bayram günlərində əhalinin keyfiyyətli və fasiləsiz nəqliyyat xidmətləri ilə təmin edilməsidir.
AYNA şəhərlərarası və rayonlararası marşrutlarda təhlükəsiz və fasiləsiz sərnişindaşımanın təşkili, kassalarda biletlərin müəyyən edilmiş tariflərə uyğun və qanunamüvafiq qaydada satışı, sərnişin sıxlığının qarşısının alınması və avtobusların təsdiqlənmiş hərəkət qrafiklərinə ciddi riayət olunması ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq avtobusların hərəkət intervalına və sürücülərin təhlükəsizlik qaydalarına əməl etməsinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xətlərə lazımi sayda əlavə avtobus buraxılacaq.
Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin "biletim.az" portalından onlayn əldə edə bilərlər. Portalda 61 məntəqəyə 97 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 379 reys üzrə 426 nəqliyyat vasitəsi qoşulub.
AYNA vətəndaşlara mənzil başına daha rahat və təhlükəsiz çatmaq üçün biletləri "biletim.az" vasitəsilə onlayn almağı tövsiyə edir. Bildirilib ki, tətbiqdə aparılan təkmilləşdirmələr və əlavə edilən funksiyalar bilet əldə etmək prosesini sürətləndirib və asanlaşdırıb.