Argentinada meşə yanğınları səngimək bilmir - 40 min hektar sahə məhv olub
12:47 DünyaArgentinada güclü meşə yanğınları səngimək bilmir. Los-Alerses Milli Parkında yanğın 40 min hektardan çox meşə sahəsini yandıraraq külə döndərib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Park UNESCO-nun Dünya İrsi Siyahısına daxildir və oradakı bəzi ağacların yaşının 2500 ildən çox olduğu bildirilir.
Yanğınsöndürənlərin sözlərinə görə, çətin keçilən ərazilərdə baş verən genişmiqyaslı yanğınların öhdəsindən gəlmək üçün onların nə kifayət qədər gücü, nə də maddi-texniki imkanları var. Ölkə administrasiyasının son illərdə yanğınsöndürmə xidmətinin büdcəsini ciddi şəkildə ixtisar etdiyi bildirilir.
"Bu gün biz - yanğınsöndürənlər - 390 nəfərik. Prezident Miley administrasiyası hakimiyyətə gələndə isə sayımız 430 idi. Başqa sözlə, kadr çatışmazlığı var. Bir çoxları işi tərk edir. Hətta indi belə həmkarlarım işdən çıxır, çünki sadəcə pul çatmır. Maaş çox aşağıdır."
Argentinanın şimalında yanğınlar bir neçə həftə əvvəl başlayıb. Hazırda La-Pampa vilayəti üzrə və Patagoniyanın bir neçə rayonunda fövqəladə vəziyyət rejimi qüvvədədir.
Alov 200 min hektardan artıq meşə və kənd təsərrüfatı sahəsini bürüyüb. Təhlükəli ərazilərdən minlərlə insan təxliyə edilib.