Kolumbiyada ən böyük mafiyanın başçısı çayda boğuldu
2 Fevral 11:38 DünyaKolumbiya cinayətkar qruplaşması "Körfəz Klanı"nın liderlərindən biri olan Xose Qonsalo Sançes çayda boğulub.
Musavat.com xəbər verir ki, məlumatı Kolumbiya prezidenti Qustavo Petro X-də açıqlayıb:
"Qonzalito ləqəbi ilə tanınan Körfəz Klan-nın ikinci komandiri boğulub".
El Tiempo qrupun bəyanatına istinadən bildirib ki, Sançesi daşıyan qayıq Tierralta bələdiyyəsində çayda aşıb. Körfəz Klanı-nın məlumatına görə, o, Kolumbiya hökumətinin cinayətkar qruplaşma üzvlərinin müvəqqəti yerləşdirilməsi üçün yaratmağı öhdəsinə götürdüyü xüsusi zonalardan birinə gedirdi.
El Tiempo-nun qeyd etdiyinə görə, Sançesə qarşı qətl, adam oğurluğu, narkotik qaçaqmalçılığı, silah qaçaqmalçılığı və digər cinayətlərə görə 44 cinayət işi açılıb. 2025-ci ilin iyul ayında Kolumbiya məhkəməsi onun ABŞ-a ekstradisiyasını təsdiqləyib. Körfəz Klanı Kolumbiyada narkotik qaçaqmalçılığı ilə məşğul olan ən böyük cinayətkar təşkilatdır. 2025-ci ilin dekabr ayında Kolumbiya hökuməti və qrupun nümayəndələri Dohada sülhə sadiqlik barədə razılaşma imzalayıblar. Əldə edilən razılaşmalardan biri Kolumbiyanın şimalında və qərbində Körfəz Klanı üzvlərinin müvəqqəti olaraq yerləşdirilməsi üçün üç xüsusi zonanın yaradılmasını nəzərdə tutur.