Britaniyalı siyasətçidən sərt ittiham: “Paşinyan Erməni Kilsəsinə qarşı müharibə elan edib” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Britaniyanın "Reform" partiyasının üzvü Denni Krüger "The Times" qəzetində dərc olunan məqaləsində Ermənistandakı daxili vəziyyəti kəskin tənqid edib. Britaniyalı siyasətçi Baş nazir Nikol Paşinyanı ölkənin ən köklü institutu olan Erməni Apostol Kilsəsinə qarşı "qəddar hücumlar" təşkil etməkdə ittiham edib.

Krüger iddia edir ki, Paşinyan kilsəni siyasi müxalifət kimi görür və avtoritar liderlərə məxsus üsullarla onu sıradan çıxarmağa çalışır. Məqalədə bir neçə yepiskopun saxta ittihamlarla həbs edildiyi, kilsənin ən böyük himayədarı Samvel Karapetyanın saxlanıldığı və onun elektrik şəbəkəsi şirkətinə dövlət tərəfindən əl qoyulduğu bildirilir.

Baş nazirin bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılmasını tələb etdiyi və ruhanilərə bu yöndə təzyiq göstərdiyi vurğulanır.
Müəllif qeyd edir ki, Ermənistanın "düşmən dövlətlərlə" əhatə olunduğu bir vaxtda ölkə daxilindəki bu parçalanma milli təhlükəsizlik üçün ciddi riskdir.

Denni Krüger dünya xristianlarını bu məsələdə səssiz qalmamağa və Ermənistandakı daxili barışığa dəstək olmağa çağırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31