İrakli Kupradze: “2025-ci ildə gördük ki, "yuxuda" təkcə korrupsionerlər deyil, həm də qatillər var- söyüş və qarşıdurma keçmişdə qalmalıdır”- ÖZƏL
13:01 Dünya"Lelo - Güclü Gürcüstan" Partiyasının baş katibi İrakli Kupradze bildirib ki, gələn il müxalif qüvvələr bir-birinə qarşı əsassız tənqid və qarşıdurmadan çəkinməli, əsas məqsəd- hakimiyyətin cəmiyyətdə bölünmə yaratmasına imkan verməmək olmalıdır.
Olaylar.az xəbər verir ki, bu barədə o, "Palitranews" telekanalının "Günün Newsroomu" verilişində 2025-ci ilin siyasi panoramını dəyərləndirərkən və 2026-cı ilin perspektivləri barədə danışarkən qeyd edib.
Kupradzenin sözlərinə görə, hazırkı hakimiyyət "böl və hökm sür" prinsipi ilə cəmiyyətdə parçalanma yaratmağa çalışır:
"Gələn il elə olmalıdır ki, eyni mövqedə dayanan, azadlıq və demokratiyanı müdafiə edən insanlar bir-birinə qarşı aqressiv tənqid və qarşıdurmaya yol verməsinlər. Elə bir əsas razılaşma formalaşmalıdır ki, hakimiyyət cəmiyyətdə ayrılıq və qarşıdurmanı dərinləşdirə bilməsin. Təəssüf ki, bu prinsip əsasında Bidzina İvanişvili xeyli uğur əldə edib. Müxalifət, vətəndaş aktivistləri və media çox vaxtı bir-birini ittiham etməyə sərf edir. Bunu keçmişdə qoymalıyıq və diqqəti gündəlik mübarizəyə yönəltməliyik - küçə etirazları, beynəlxalq müstəvidə fəaliyyət, ictimai təşkilatlanma hər kəsin öz rolu var".
Siyasətçi bəzi analitiklərin "müxalifət zəif, parçalanmış və demoralizə olunub" fikirləri ilə razılaşmadığını deyib. Onun sözlərinə görə, bir çox müxalif siyasi fiqurun fəaliyyət imkanları məhdudlaşdırılıb:
"Müxalifətin bəzi nümayəndələri daha aktiv fəaliyyət göstərə bilmir, çünki repressiv aparat daha sərt işləyir. Bir çox lider barəsində cinayət işləri açılıb, bəziləri həbsdədir, bəziləri isə ölkəni tərk etmək məcburiyyətində qalıb. Ona görə heç kimin haqqı yoxdur desin ki, "Lelo" və ya başqa bir müxalif partiya proseslərdən geri çəkilir".
Kupradze həmçinin parlamentdə mandatlardan imtinanın maliyyə resurslarında ciddi çatışmazlıq yaratdığını, lakin bunun prinsipial siyasi qərar olduğunu vurğulayıb. Verilişdə ona partiya liderləri Mamuka Xazaradze və Badri Japaridzenin son dövrlər ictimaiyyət qarşısında az görünməsi ilə bağlı sual da ünvanlanıb. Kupradze qeyd edib ki, onlar "gündəlik partiya fəaliyyətində fəal şəkildə iştirak edirlər".