Zelenskidən SON DƏQİQƏ açıqlaması: "Hakimiyyətdən gedəcəm"

Ukrayna prezidenti Volodimir Zelenski müharibə başa çatdıqdan sonra hakimiyyətdən gedəcəyini bəyan edib. 

Olaylar.az xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, uzun müddətdir davam edən ağır proseslərdən sonra dincəlmək istəyir.

"Dincəlmək istəyirəm. Bunu çox istəyirəm", - deyə Zelenski qeyd edib.

Ukrayna prezidenti müsahibəsində ABŞ-ın dəstəyinin ölkəsi üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, Vaşinqtonun dəstəyi olmadan Ukrayna nə hava məkanını effektiv şəkildə qoruya, nə də müharibədə qalib gələ bilər. Xüsusilə hava hücumundan müdafiə sistemləri, sursat və artilleriyanın kritik rol oynadığını diqqətə çatdırıb.

Zelenski ABŞ prezidenti Donald Trampla görüşünü də yüksək qiymətləndirərək bu görüşü vacib və məhsuldar adlandırıb. O bildirib ki, görüş zamanı tərəflərin komandaları fəal şəkildə birgə işləyib və bir sıra mühüm məsələlər müzakirə olunub.

Prezident vurğulayıb ki, Ukrayna öz ərazilərini sadəcə tərk edə bilməz. Çünki həmin ərazilərdə insanlar yaşayır, orada Ukrayna ordusu yerləşir və ölkə bu torpaqlar uğrunda böyük itkilər verib. Onun sözlərinə görə, ərazilərlə bağlı istənilən kompromis yalnız Ukrayna xalqının iradəsinə əsaslana bilər. Mümkün variantlardan biri kimi qoşunların geri çəkilməsi şərti ilə azad iqtisadi zonanın yaradılması da müzakirə oluna bilər.

Zelenski Donbasdan çıxma ssenarisini ən pis və qəbuledilməz variant adlandırıb və belə bir qərarın cəmiyyət tərəfindən dəstəklənməyəcəyini bildirib. O əlavə edib ki, sülh real və cəmiyyət üçün qəbul edilən olmalıdır, əvvəlcədən nəticəsi bəlli olan formal referendumlar isə çıxış yolu deyil.

Ukrayna lideri Rusiyaya və prezident Vladimir Putinə etimad olmadığını da açıq şəkildə ifadə edib. Onun fikrincə, Moskvanın "xoş niyyət"lə bağlı bəyanatları sanksiyalardan yayınmaq məqsədi daşıyır. Zelenski bildirib ki, Rusiyanın iştirak edə biləcəyi yeganə bərpa modeli maliyyə kompensasiyalarının ödənilməsidir.

Müsahibədə Zelenski ölkədə antikorrupsiya qurumlarının müharibə şəraitində belə müstəqil fəaliyyət göstərdiyini vurğulayıb. O həmçinin qeyd edib ki, Rusiya ordusunun sayı artıq artmır və ABŞ-ın dəstəyi sülhə gedən yolu əhəmiyyətli dərəcədə sürətləndirə bilər.

Bundan əlavə, Ukrayna prezidenti ölkəsinin güclü dron sənayesi yaratdığını və ABŞ-la genişmiqyaslı birgə istehsala hazır olduğunu bildirib. Onun sözlərinə görə, bu sahədə əməkdaşlıq həm Ukraynanın müdafiə qabiliyyətini gücləndirə, həm də tərəfdaşlıq münasibətlərini yeni mərhələyə daşıya bilər. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31