Samuxiya: Bu, korrupsiya ilə mübarizə deyil, klanlararası savaşdır – ÖZƏL
24 Dekabr 09:12 Dünya"Bu, hakimiyyətin təqdim etməyə çalışdığı kimi korrupsiya ilə mübarizə deyil, klanlar arasında qarşıdurmadır".
Olaylar.az xəbər verir ki, bunu "Lelo - Güclü Gürcüstan" partiyasının üzvü Levan Samuxiya Dövlət Təhlükəsizliyi Xidmətinin sabiq rəhbəri Qriqol Liluaşvilinin saxlanılmasına münasibət bildirərkən deyib.
Samuxiyanın sözlərinə görə, keçmiş yüksək vəzifəli məmurların saxlanılması ilə bağlı işlər üzrə obyektiv istintaq aparılmalıdır. O qeyd edib ki, hakimiyyət illərdir "Gürcü Arzusu" daxilində korrupsiyanın mövcud olduğunu etiraf edirsə, bu halda siyasi məsuliyyət məsələsi də gündəmə gəlməlidir.
"Bizə deyirlər ki, illər boyu "Gürcü Arzusu"nda korrupsiya baş alıb gedib - Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, iki dəfə baş nazir olmuş şəxs, müxtəlif nazirlər və nazir müavinləri... Amma siyasi məsuliyyət haradadır? Hüquqi müstəvidə isə obyektiv araşdırma tələb olunur. Baxın, 1-2-3 il əvvəl bu adamları tərifləyir, ölkənin xilaskarları adlandırırdılar, bu gün isə deyirlər ki, guya onlar korrupsiyaya bulaşıb. Biz, müxalifət partiyaları, dəfələrlə korrupsiyadan danışmışıq, onlar isə bunu qəti şəkildə inkar ediblər. Belə çıxır ki, "Gürcü Arzusu" cəmi son 1 ildir hakimiyyətdədir? Bəs ondan əvvəl harada idilər?" - deyə Samuxiya vurğulayıb.