Moskva yenidən silkələndi: generalın avtomobilinin partladıldığı ərazidə yeni partlayışlar
08:36 DünyaMoskvanın cənubundakı Orexovo-Borisovo rayonunda, bir gün əvvəl Rusiya Silahlı Qüvvələrinin generalı Fanil Sarvarova məxsus avtomobilin partladıldığı ərazidə bu gün yenidən bir neçə güclü partlayış qeydə alınıb.
Musavat.com xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, ərazidə azı iki güclü partlayış səsi eşidilib. Şahidlər Yasenevaya küçəsində ardıcıl partlayışlardan sonra tüstü və yanğın müşahidə olunduğunu bildiriblər. Bu dəfə də avtomobilin partladığı qeyd edilir.
Hadisə yerinə Daxili İşlər Nazirliyinə məxsus azı altı xidmət avtomobili cəlb olunub. Polis ərazini mühasirəyə alıb, partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssislər və məhkəmə ekspertləri araşdırma aparır.
İlkin məlumatlara görə, azı iki nəfər xəsarət alıb. Yaralılardan birinin ayaqlarından ağır zədə aldığı bildirilir. "Baza" nəşrinin məlumatına əsasən, partlayış polis bölməsinin yaxınlığında baş verib və nəticədə bir polis əməkdaşı ağır yaralanıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin səbəbləri, eləcə də əvvəlki gün generalın avtomobilinin partladılması ilə mümkün əlaqəsi araşdırılır.