Putin Rusiyanı belə məhv edir - ŞOK DETALLAR

Ukraynaya qarşı müharibə fonunda Rusiya ciddi iqtisadi çətinliklərlə üzləşib. 2026-cı ildə vəziyyət daha da ağırlaşa bilər.

Olaylar.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Qəzetin qeydinə görə, ABŞ prezidenti Donald Trampın Rusiyanın guya müharibədə üstünlüyü saxlaması ilə bağlı açıqlamalarına baxmayaraq, real iqtisadi göstəricilər bunun əksini göstərir.

Məqalədə vurğulanır ki, Rusiya prezidenti Vladimir Putin hərbi xərcləri maliyyələşdirmək üçün əvvəlki illərdə toplanmış valyuta ehtiyatlarının və borc resurslarının böyük hissəsini artıq tükədib. Qarşıdakı dövrdə isə Moskvanı daha ciddi maliyyə sınaqları gözləyir.

ABŞ-ın Rusiya neft sektoruna qarşı tətbiq etdiyi yeni və sərt sanksiyalar büdcə kəsirini dərinləşdirir və maliyyə sistemi üçün əlavə risklər yaradır. Məhdudiyyətlər Rusiyanın ən iri şirkətlərini, o cümlədən "Rosneft" və "Lukoil"i əhatə edib. Bu da Moskvanı nefti barel üzrə 20 dollardan artıq endirimlə satmağa məcbur edir.

Ekspertlərin fikrincə, neft-qaz sənayesi sürətlə böhran mərhələsinə yuvarlanır və yeni sanksiyalar bu prosesi yalnız sürətləndirir.

Qəzet yazır ki, gələn il ödəmə qabiliyyətsizliyi və bank böhranı riski də istisna edilmir - hətta Kreml müharibənin dayandırılması ilə bağlı danışıqlarda sərt mövqedən çıxış etsə belə.

İqtisadçılar hesab edirlər ki, 2026 müharibənin Rusiya iqtisadiyyatı üçün ilk dəfə həqiqətən ağır nəticələr doğuracağı il ola bilər.

Bununla yanaşı, məqalədə qeyd olunur ki, Rusiya elitasının əksər nümayəndələri hələlik genişmiqyaslı sosial etirazların və ya iqtisadi çətinliklərin Kremlin siyasi qərarlarına ciddi təsir göstərəcəyini gözləmir.

Xatırladılır ki, 2025-ci ilin sonuna doğru Rusiyada iqtisadi vəziyyət inflyasiyanın sürətlənməsi, hərbi xərclər səbəbindən büdcə kəsirinin artması və neft-qaz gəlirlərinin azalması fonunda pisləşməkdə davam edir. İqtisadi artım templəri də nəzərəçarpacaq dərəcədə zəifləyib.

Məqalədə əlavə olunur ki, Rusiyada Yeni il ərəfəsində istehlakçı fəallığı açıq şəkildə aşağı düşüb: qiymətlərin artması vətəndaşları xərcləri azaltmağa və əvvəlki alış vərdişlərindən imtina etməyə məcbur edir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31