Pakistanın şimal-qərbində terror hücumu: 5 polis həlak oldu- ÖZƏL
13:16 DünyaPakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində törədilən terror aktı nəticəsində ən azı beş polis əməkdaşı həyatını itirib.
Məlumata görə, polisləri daşıyan avtomobil Garagri Banda rayonunda terrorçular tərəfindən pusquya düşürülüb və atəş açılıb. Hadisə yerini təhlükəsizlik qüvvələri mühasirəyə alıb və anti-terror əməliyyatı aparılır. Olaylar.az xəbər verir ki, bu barədə The Express Tribune məlumat yayıb.
Pakistanın Baş naziri Şahbaz Şərif polis əməkdaşlarına edilən hücumu pisləyib və həlak olanların ailələrinə başsağlığı verib.
Garagri Banda rayonunda neft və təbii qaz yataqları yerləşir, bu obyektlərdə fəaliyyət göstərən MOL Pakistan şirkətinin işçiləri ordu və hüquq-mühafizə orqanlarının qoruması altında işləyir. Terrorçular bu neft-qaz obyektlərinə hücumlar edərək işçiləri oğurlayır. Dekabr ayında Garagri Bandada törədilən intiharçı hücumu nəticəsində bir polis həlak olub, bir neçəsi yaralanmışdı.