Türkiyədə uşaqların sosial mediaya çıxışı məhdudlaşdırılır

Türkiyədə rəqəmsal mühitdə, sosial şəbəkələrdə və oyun platformalarında uşaqların müdafiəsi ilə bağlı yeni hüquqi tənzimləmələr hazırlanır.

Olaylar.az xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir "Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda deyib.

Nazir bildirib ki, bu sahədə qərarların yaxın vaxtlarda ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

Onun sözlərinə görə, bir sıra ölkələrdə 13-15 yaşlı uşaqların sosial mediaya çıxışı məhdudlaşdırılıb və oxşar yanaşmalar Türkiyədə də uzun müddətdir müzakirə olunur:

"Bu istiqamətdə ciddi addımlar atmağa hazırlaşırıq".

Mahinur Özdemir qeyd edib ki, 2024-2028-ci illəri əhatə edən strategiya çərçivəsində uşaqların rəqəmsal mühitdə qorunması gücləndirilib. Nazir ailələrin rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, qurumlararası əməkdaşlıq və valideynlərlə aparılan işlər hesabına uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin formalaşdırıldığını bildirib.

O əlavə edib ki, zərərli məzmunun müəyyənləşdirilərək uşaqlar üçün əlçatmaz edilməsi əsas hədəflərdəndir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31