Devrilən liderin dəbdəbəli həyatı: Əsəd ailəsinin Moskvada milyonluq mülkləri
11:13 DünyaSuriyanın sabiq prezidenti Bəşər Əsədin ailəsi ölkədə hakimiyyət dəyişikliyindən sonra Rusiyada məskunlaşıb və Moskvada dəbdəbəli həyat tərzi sürür.
Olaylar.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti Əsəd ailəsinin qohumlarına, ailə dostlarına və keçmiş Suriya rəsmilərinə istinadən məlumat yayıb.
Nəşrin mənbələrindən birinin sözlərinə görə, Bəşər Əsəd Moskvada "Moskva-Siti" kompleksində yerləşən, "Federasiya" qülləsinin 62-ci mərtəbəsində fəaliyyət göstərən "Sixty" restoranında şam yeməyi zamanı görünüb.
Rusiya siyasi elitasının nümayəndələri və xarici məşhurlar arasında populyar olan bu məkanda Əsəd VIP-qonaq statusunda olub.
Məlumata görə, Əsəd ailəsi əvvəlcə "Four Seasons" hotelində yaşayıb. Burada mənzillərin həftəlik kirayə haqqı 13 min dollara qədər yüksələ bilir. Daha sonra ailə "Federasiya" qülləsində yerləşən ikimərtəbəli penthausa köçüb, ardınca isə Moskva ətrafındakı elit Rublyovka qəsəbəsində fərdi evdə məskunlaşıb. Əsədin "Moskva-Siti"də yaşaması və Rublyovkaya köçməsi barədə daha əvvəl "Die Zeit" və "The Guardian" nəşrləri də yazıb.
"The Guardian" qeyd edirdi ki, sabiq prezident Moskvada oftalmologiya üzrə dərslərdə iştirak edir. Bu, onun Dəməşq və Londonda təhsil aldığı ixtisasdır.
"The New York Times"in mənbələri bildirir ki, Bəşər Əsəd hələ də Rusiya xüsusi xidmət orqanlarının mühafizəsi altındadır və onun hərəkətləri nəzarətdə saxlanılır.
Nəşrin məlumatına görə, Moskvada Bəşər Əsədin kiçik qardaşı, əvvəllər Suriya ordusunun 4-cü zirehli diviziyasına komandanlıq etmiş Maher Əsəd də yaşayır. Onu dəfələrlə "Moskva-Siti" yaxınlığında yerləşən "Capital Towers" yaşayış kompleksinin ərazisində görüblər. Sosial şəbəkələrdə yayılan videolardan birində isə Maher Əsədin "Afimoll" ticarət mərkəzində yerləşən "Myata Platinum" qəlyan evində olduğu əks olunub. (Musavat.com)