Tramp Kolumbiya prezidentindən kokain fabriklərini dərhal bağlamağı tələb etdi- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Kolumbiya Prezidenti Qustavo Petronu ölkədə narkotik istehsalçılarına göz yummaqda ittiham edib və Kolumbiya rəhbərliyini narkokartellərlə mübarizəni gücləndirməyə çağırıb.
Olaylar.az xəbər verir ki, Tramp bu fikirləri Florida ştatında, Vest-Palm-Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsində jurnalistlərə açıqlama verərkən səsləndirib. O bildirib ki, Kolumbiyada fəaliyyət göstərən narkolaboratoriyalarda kokain istehsal olunur və bu narkotik vasitələr ABŞ-a göndərilir.
"Onun diqqətli olması lazımdır, çünki ölkəsində narkolaboratoriyalar var, Kolumbiyada kokain istehsal edirlər. O, ABŞ-ın dostu deyil, çox pis bir insandır. Qoy özünü qorusun, çünki kokain istehsal olunur və Kolumbiyadan ABŞ-a göndərilir", - deyə Tramp bildirib.
ABŞ lideri vurğulayıb ki, Amerika xalqı kolumbiyalılara müsbət münasibət bəsləyir:
"Biz Kolumbiya xalqını sevirik. Onlar enerjili, ağıllı və gözəl insanlardır. Amma onların yeni lideri problem yaratmağı sevən biridir və ehtiyatlı olmalıdır. Siz bu kokain fabriklərini bağlamalısınız. Üç böyük kokain fabriki var və biz onların harada yerləşdiyini bilirik. Onları tez bir zamanda bağlamağınız daha yaxşı olar", - deyə Tramp əlavə edib.
Qeyd edək ki, Tramp daha əvvəl ABŞ-ın Karib dənizində narkotik qaçaqmalçılığına qarşı apardığı hərbi-dəniz əməliyyatının Kolumbiya və Meksika istiqamətində genişləndirilməsi ehtimalını istisna etməmişdi. Vaşinqton sübut təqdim etmədən Venesuela hakimiyyətini narkotik qaçaqmalçılığı ilə mübarizədə yetərincə fəal olmamaqda ittiham edir.
Hazırda ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində "Gerald R. Ford" aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupunu, bir atom sualtı qayığını və 16 mindən çox hərbçini yerləşdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31