Putin-dən MDB-nin gələcək fəaliyyəti ilə bağlı AÇIQLAMALAR

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Müstəqil Dövlətlər Birliyi ölkələri BMT-nin əlaqələndirici rolu əsasında yeni çoxqütblü dünya nizamının formalaşdırılmasını dəstəkləyirlər.

Olaylar.az xəbər verir ki, Putinin sözlərinə görə, MDB artıq nüfuzlu beynəlxalq birlik kimi möhkəmlənib, üzv ölkələr arasında əməkdaşlıq isə 2025-ci ildə uğurla inkişaf edib. Prezident vurğulayıb ki, birliyin daxilində valyuta-maliyyə sahəsində əməkdaşlıq genişlənir və kommersiya əməliyyatlarında milli valyutaların payı artıq 96 faizi ötüb.

Rusiya lideri qeyd edib ki, MDB ölkələrinin sahibkarlarının iştirakı ilə iri layihələr həyata keçirilir, yeni istehsal və nəqliyyat zəncirləri formalaşır, dövlətlər isə texnoloji suverenliyi gücləndirirlər. Bununla yanaşı, ölkələr vahid mədəni-humanitar məkanın qorunması istiqamətində də əməkdaşlıq edirlər.

Putin həmçinin vurğulayıb ki, MDB məkanında tarixin saxtalaşdırılmasına, o cümlədən Böyük Vətən müharibəsi ilə bağlı təhriflərə qarşı birgə mübarizə aparmaq vacibdir. Onun sözlərinə görə, birliyin üzv dövlətlərinin əsas regional və qlobal problemlərə yanaşmaları yaxındır və MDB çərçivəsində tərəfdaşlığın dərinləşdirilməsi üzv ölkələrin fundamental maraqlarına cavab verir.

Prezident çıxışında MDB məkanında idxalı əvəzləmə prosesinin sürətlə getdiyini də xüsusi qeyd edib və bunu iqtisadi dayanıqlığın güclənməsinin göstəricisi kimi qiymətləndirib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31