Yaponiya atom enerjisinə qayıdır: dünyada ən böyük AES 15 ildən sonra yenidən işə düşə bilər
13:25 DünyaYaponiya 2011-ci ildə baş vermiş "Fukusima-1" AES fəlakətindən təxminən 15 il sonra dünyada ən böyük atom elektrik stansiyasını yenidən işə salmağa hazırlaşır.
Olaylar.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Ölkə hakimiyyəti bu istiqamətdə son həlledici addımı ataraq regional referendum keçirib. Nəticələr Yaponiyanın atom energetikasına dönüşündə tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.
Söhbət Kasiwazaki-Kariwa AES-dən gedir. Stansiya Tokiodan təxminən 220 kilometr şimal-qərbdə yerləşir və gücünə görə dünyanın ən iri AES-i hesab olunur. O, 2011-ci ildə baş vermiş güclü zəlzələ və sunamidən sonra bağlanmış 54 reaktordan biri idi.
Həmin fəlakət nəticəsində "Fukusima-1" AES-də baş verən qəza Çernobıldan sonra dünyanın ən ağır nüvə hadisəsi kimi tarixə düşmüşdü və Yaponiyada atom enerjisinə münasibəti köklü şəkildə dəyişmişdi.
Analitiklər bildirirlər ki, bu AES-in yenidən işə salınması Yaponiyanın enerji siyasətində kəskin dönüş, həm də enerji təhlükəsizliyi və karbon emissiyalarının azaldılması baxımından strateji addım olacaq. Bununla yanaşı, layihə ölkə daxilində təhlükəsizlik və ekoloji risklərlə bağlı ciddi müzakirələrə də səbəb olub. (Musavat.com)