Yaponiya səmasında gərginlik - Üç ölkənin təyyarəsi üz-üzə gəldi
16:20 DünyaYaponiya hökuməti Rusiyaya və Çinə məxsus hərbi təyyarələrin ölkə hava məkanına yaxın bölgələrdə qeydə alınmasından sonra öz qırıcılarını havaya qaldırıb. Tokio rəsmiləri vəziyyəti "ciddi təhlükəsizlik riski" kimi qiymətləndirib.
Olaylar.az "Hürriyet"ə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın iki nüvə daşıma qabiliyyətli "Tu-95" strateji bombardmançı təyyarəsi Yaponiya dənizi üzərindən Şərqi Çin dənizinə uçaraq Çinin iki "H-6" bombardmançı təyyarəsi ilə birləşib.
Daha sonra həmin təyyarələr Sakit okean üzərində "uzaqmənzilli birgə patrul uçuşu" həyata keçiriblər.
Nazirlik əlavə edib ki, Çinə məxsus dörd "J-16" qırıcı təyyarəsi bombardmançı təyyarələrlə birlikdə Okinava və Miyako adaları arasında iki istiqamətli uçuş icra edib. Eyni saatlarda Yaponiya dənizi üzərində Rusiyanın "A-50" erkən xəbərdarlıq təyyarəsi və iki "Su-30" qırıcısı da aşkarlanıb.
Yaponiya müdafiə naziri Şinciro Koizumi birgə uçuşları "Yaponiya ətrafında genişlənən və intensivləşən hərbi fəaliyyətlərin bariz göstəricisi" kimi dəyərləndirib. O bildirib ki, bu addımlar Tokionun milli təhlükəsizliyi üçün açıq güc nümayişi və ciddi narahatlıq mənbəyidir.
Nazir qeyd edib ki, Yaponiya Hava Özünümüdafiə Qüvvələri dərhal reaksiyaya gələrək hava məkanının pozulması ehtimalına qarşı qırıcıları havaya qaldırıb və bütün zəruri tədbirlər görülüb.
Gərginlik son günlər daha da artıb. 6 dekabrda Çinin Liaonin təyyarədaşıyan gəmisindən qalxan "J-15" qırıcılarının Okinavanın cənub-şərqində Yaponiyaya məxsus hərbi təyyarələrə radar kilidi atdığı açıqlanmış, Tokio bunu "təhlükəli və qəbuledilməz" adlandırmışdı. Pekin isə ittihamları rədd etmişdi.
Gərginlik paralel olaraq region ölkələrində də hiss olunub. Cənubi Koreya ordusu dünən Rusiyaya və Çinə məxsus 9 hərbi təyyarənin qısa müddətlik KADIZ-Koreya Hava Hücumundan Müdafiə Tanıma Zonası ərazisinə daxil olduğunu açıqlayıb.
Ekspertlərə görə, bölgədə artan hava hərəkətliliyi üç ölkə: Yaponiya, Çin və Rusiya arasında hərbi dinamikanın daha da sərtləşdiyini göstərir.