Britaniya iqtisadi dirçəliş üçün Aİ ilə daha sıx əməkdaşlığa yönələcək- ÖZƏL

Böyük Britaniya gələcəkdə Avropa İttifaqı ilə münasibətlərini yaxınlaşdırmağa başlayacaq. Olaylar.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Kir Starmer Londonda ölkənin iqtisadi vəziyyətinə həsr olunan çıxışı zamanı bildirib. Starmer qeyd edib ki, Brexit razılaşması Britaniya iqtisadiyyatına ciddi mənfi təsir göstərib və mövcud reallığı qəbul etməyin vaxtı çatıb:
"Biz reallığı qəbul etməliyik. Hazırda qüvvədə olan Brexit sazişi iqtisadiyyatımıza əhəmiyyətli zərər vurub. Buna görə də iqtisadi dirçəlişi təmin etmək üçün gərginlikləri azaltmalı və Aİ ilə daha sıx əlaqələrə doğru irəliləməliyik. Bu, qarşılıqlı güzəştlər tələb edəcək və biz yetkinlik nümayiş etdirməliyik," - deyə baş nazir Sky News-un canlı yayımladığı çıxışında bildirib.
Xatırladaq ki, Böyük Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 23 iyun 2016-cı ildə keçirilib. Səsvermədə britaniyalıların 51,9%-i çıxışın, 48,1%-i isə qalmağın tərəfdarı olub. Uzun danışıqlardan sonra Birləşmiş Krallıq 1 fevral 2020-ci ildə rəsmən Aİ-ni tərk edib. Brexit-dən sonrakı keçid dövrü 2021-ci il yanvarın 1-də başa çatıb. 2020-ci ilin dekabrında tərəflər mallar və xidmətlər üzrə kvota və tariflərin olmadığı azad ticarət zonasını nəzərdə tutan yeni razılaşma imzalayıb. Həmçinin Britaniya və Aİ vətəndaşlarına vizasız səfər hüququ 90 gün müddətinə təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31