ŞƏT təlimləri "Sahand-antiterror-2025" İranda başladı: 14 ölkə iştirak edir – ÖZƏL

Olaylar.az xəbər verir ki, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin birgə "Sahand-antiterror-2025" adlı antiterror təlimləri bazar ertəsi, dekabrın 1-də İranın şimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətində start götürüb.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, təlimlər beş gün davam edəcək.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai qeyd edib ki, ölkənin şimal-qərbində terrorizmlə mübarizə məqsədi daşıyan bu təlimlərdə ŞƏT-dən beş ölkə, eləcə də digər dövlətlərdən əlavə iştirakçılar olmaqla, ümumilikdə 13-14 ölkə iştirak edir.

Bəqai, təlimlərin İranın terrorizmlə mübarizəyə verdiyi böyük əhəmiyyəti göstərdiyini və təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verə biləcəyini vurğulayıb.

ŞƏT Regional Antiterror Strukturunun (RATS) İcraiyyə Komitəsinin direktoru Ularbek Şarşeyev daha əvvəl bildirmişdi ki, təlimlərin bağlanış mərasimi dekabrın 4-də İranın Təbriz şəhəri yaxınlığında keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31