Ukraynada sülh xəritəsi masada

ABŞ və Ukrayna nümayəndə heyətlərinin Floridadakı 5 saatlıq görüşü əsasən gələcək sülh razılaşması çərçivəsində Rusiya ilə sərhədin hansı xətt üzrə müəyyən olunmasına həsr olunub.

Olaylar.az xəbər verir ki, bu barədə "Axios" portalı maraqlı məlumat yayıb.

"Axios"a danışan iki ukraynalı rəsminin sözlərinə görə, danışıqlar mürəkkəb və gərgin olsa da, "produkiv" keçib.

Məlumata görə, Kreml təkid edir ki, Rusiya Donbas üzərində tam nəzarət əldə etməyənədək döyüşləri dayandırmayacaq. ABŞ isə Ukraynadan bu ərazinin verilməsi müqabilində Vladimir Putini sülhə razı salmağı mümkün hesab edir. Lakin bu, Kiyev üçün son dərəcə ağrılı və daxili siyasi baxımdan partlayıcı güzəşt sayılır.

Bir saatlıq geniş formatlı görüşdən sonra müzakirələr iki tərəfdən yalnız üç nümayəndənin iştirakı ilə davam edib. ABŞ-ı prezident göndərilmiş xüsusi nümayəndə Stiv Uitkoff, dövlət katibi Marko Rubio və Donald Trampın kürəkəni - Cared Kuşner təmsil edib. Ukrayna tərəfdən iştirak edənlər - Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rustem Umerov, Baş Qərargah rəisi Andrey Qnatov və hərbi kəşfiyyat rəis müavini Vadim Skibitski olub.

Görüşdən sonra Umerov Uitkoffla ayrıca söhbət aparıb və prezident Zelenskiyə telefonla məruzə edib.

"Axios"un sitat gətirdiyi ukraynalı rəsmilərdən biri görüşü belə şərh edib:

"Danışıqlar gərgin, lakin konstruktiv idi. ABŞ-ın prosesdə ciddi iştirakı yüksək qiymətləndirilir. Bizim məqsəd həm amerikalılara nəticə əldə etməyə kömək etmək, həm də dövlətçiliyimizi itirməməkdir".

Donald Tramp da "Air Force One" bortunda jurnalistlərə açıqlama verərək, danışıqların nəticələri barədə məlumatlandırıldığını və "razılaşma şanslarının yüksək olduğunu" bildirib. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31