Misirdə sərt qaydalar: Turistlər ciddi dəyişikliklərə hazır olmalıdırlar

Dekabrın 1-dən Misirdə regiondakı ən sərt ətraf mühit qaydalarından biri qüvvəyə minəcək. Qaydaların pozulması çox böyük cərimələr ilə nəticələnəcək.

Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, Misir hakimiyyəti məşhur tətil məkanı olan Qırmızı dəniz bölgəsində birdəfəlik istifadə üçün nəzərdə tutulmuş plastik torbalara tam qadağa qoyur.

Yerli medianın məlumatına görə, qadağa mağazalara, supermarketlərə və hotel pərakəndə satış məntəqələrinə şamil edilir. Kurortlarda məşhur plastik torbalar yox olacaq, onlar təkrar istifadə edilə bilən torbalar və ya ekoloji cəhətdən təmiz qablaşdırma ilə əvəz olunacaq. Plastik stəkanlar, bıçaq-qaşıq dəsti, qablar kağız, ağac və ya bioloji parçalanan materiallardan hazırlanmış alternativ materiallar ilə əvəz olunacaq.

Yeni qaydalar istehsalata da şamil ediləcək. Müəssisələr istehsal xətlərini dəyişdirməli və ya ekoloji cəhətdən təmiz alternativlərdən istifadə etməli olacaqlar.

Misir plastikin həddindən artıq istehsalı və onun təkrar emalı üçün lazımi infrastrukturunun olmaması ilə mübarizə aparır. Kütləvi turizmlə birlikdə bu, mərcan rifləri və dəniz faunası üçün real təhlükə yaradır. Plastik qadağası bu problemə qəti cavab olaraq nəzərdə tutulub. Qaydanı pozanlar 500 min Misir funt sterlinqinə (10 min dollardan çox) qədər cərimə ödəməli olacaqlar.

Hakimiyyət orqanları bundan əvvəl oxşar məhdudiyyətləri 2019-cu ildə sınaqdan keçirmişdilər. Lakin həmin vaxt qərar pulsuz kağız və parça torbaların kütləvi istehsalı üçün maliyyə çatışmazlığı və vətəndaşlar arasında ətraf mühitlə bağlı məlumatlılığın aşağı olması səbəbindən dayandırılmışdı. İndi isə hakimiyyət orqanları insanları hər şeyin hazır olduğuna əmin ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31