Putin ABŞ-ın sülh planından danışdı: 28 bənd 4 hissəyə ayrılıb - Amerikalılar gələn həftə Moskvada olacaq

Rusiya prezidenti Vladimir Putin Bişkekdə keçirilən KTMT sammitində çıxışı zamanı Ukrayna münaqişəsinin həllinə dair ABŞ-ın təklif etdiyi sülh planına dair maraqlı açıqlamalar verib.

Olaylar.az xəbər verir ki, Putin hansısa bir plandan söhbət getmədiyini, müzakirə üçün təkliflər toplusunun ortaya çıxdığını bildirib. Onun dediyinə görə, Cenevrə danışıqlarından sonra sülh planının 28 bəndinin dörd hissəyə bölünməsinə qərar verilib.

O, həmçinin qeyd edib ki, Rusiya ümumiyyətlə, ABŞ-ın Ukrayna ilə bağlı təqdim etdiyi bəndlər siyahısının gələcək razılaşmaların əsasını təşkil edə biləcəyi ilə razıdır.

Rusiya tərəfdən danışıqlarda Xarici İşlər Nazirliyi, Putinin köməkçiləri Medinski və Uşakov iştirak edir.

Putin Avropaya hücum etməyəcəyinə dair yazılı təminat verməyə hazır olduğunu deyib. O, iddia edir ki, Rusiyanın Avropaya hücum etmə ehtimalı ilə bağlı iddialar açıq-aşkar yalan və cəfəngiyatdır.

Rusiya prezidentinə görə, Ukrayna ilə bağlı plan layihəsi diplomatik dilə tərcümə olunmalıdır; hazırda bəzi məqamlar gülünc səslənir: Ukrayna ilə bağlı sülh planındakı hər bir söz ciddi şəkildə müzakirə olunmalıdır.

Putin  Amerika nümayəndə heyətinin gələn həftənin əvvəlində Moskvaya gələcəyini deyib. Onun sözlərinə görə, heyətin tərkibini prezident Donald Tramp müəyyən edəcək. Bununla belə, o, Stiv Vitkoffu tərifləyərək, onun da danışıq heyətində olacağına ümid etdiyini bildirib.

Putin həmçinin bildirib ki, hərbi əməliyyatlar Ukrayna ordusu tutduğu mövqelərdən tam çəkildikdən sonra dayandırılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31