Trampın ən yaxın adamı Kremlə işləyirmiş: "Stiv Uitkoff vəzifədən uzaqlaşdırılmalıdır" — Bloomberg
16:08 DünyaBloomberg şərhçisi Mark Çempion ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun fəaliyyətinə dair sensasion məlumatların üzə çıxmasının Vaşinqtonun sülh prosesindəki rolunu tamamilə yenidən qiymətləndirməyə səbəb olduğunu yazıb. Müəllif bildirir ki, ilin əvvəlində Uitkoff Kremlə yaxın ola biləcəyi barədə şübhələr səsləndirilirdi, lakin indi Rusiya Prezidenti Vladimir Putinin müşaviri Yuriy Uşakovla telefon danışığının mətni sızdırıldıqdan sonra bu iddiaların real əsasları ortaya çıxıb.
Olaylar.az xəbər verir ki, Bloomberg-in araşdırmasına görə, Uitkoffun davranışı neytral vasitəçidən gözlənilən prinsiplərlə uzlaşmır. Əsl vasitəçi tərəflər arasında etimadı qorumağa çalışmalı, hər iki ölkədə onun obyektivliyinə inam yaratmalıdır. Lakin telefon danışığının mətni Vitkofun Kremlin maraqlarını irəli sürdüyünü, bununla da Ukraynanın və Avropanın mövqelərinə zərbə vurduğunu göstərir. Məlum olur ki, o, Ukrayna Prezidenti Volodimir Zelenskinin 17 oktyabrda Ağ Evə nəzərdə tutulmuş səfərinin pozulması üçün Kremlə dolayısı ilə "yol göstərib". Həmin səfərin əhəmiyyəti ondan ibarət idi ki, həmin dövrdə ABŞ Prezidenti Donald Trampın Rusiyaya əlavə təzyiq göstərərək sülh istiqamətində irəliləyişə nail ola biləcəyi düşünülürdü.
Müəllifin fikrincə, əgər Uitkoff bu addımları administrasiya ilə razılaşdırılmış strategiya çərçivəsində atsaydı və ya Ukrayna tərəfi ilə sıx koordinasiya şəraitində hərəkət etsəydi, bunu ən yaxşı halda sərt, lakin hesablanmış diplomatik yanaşma kimi izah etmək mümkün olardı. Lakin faktlar bunun tam əksini göstərir: Vitkof Ağ Evdəki mövqeyə Kremlin təsir imkanlarını genişləndirib və Ukraynanın maraqlarına zidd fəaliyyət göstərib. Sızmaların təsdiqlədiyi məqam daha da narahatedicidir - ABŞ-ın təqdim etdiyi "sülh planının" əsas müddəaları Rusiyanın diktəsi ilə formalaşıb.
Mark Çempion yazır ki, məhz bu faktlar üzə çıxdıqdan sonra ABŞ administrasiyası üçün yeni bir fürsət pəncərəsi açılır. Ukrayna müharibənin bitməsini həqiqətən istəyir və bunun üçün müəyyən kompromislərə getməyə hazırdır. Putin isə əksinə, prosesi mümkün qədər uzatmağa çalışır və öz diktəsini qəbul etdirmək niyyətindən geri çəkilmir. Bu səbəbdən ABŞ-ın səmimi və effektiv vasitəçilik missiyasına dönməsi real nəticələr verə bilər.
Bloomberg-in qənaətinə görə, prosesin doğru istiqamətə yönləndirilməsi üçün əsas şərt Stiv Uitkoffun danışıqlardan uzaqlaşdırılmasıdır. Müəllif qeyd edir ki, əgər ABŞ Prezidenti Donald Tramp danışıqların aparılmasını məsələnin mahiyyətini bilən, regionun siyasi dinamikasını dərindən anlayan şəxslərə həvalə etsə, onun tez-tez bəhs etdiyi "real sülh sazişi"nə nail olmaq üçün hələ də imkan var. Bunun üçün Vaşinqtonun Kreml tərəfindən yönləndirilməyən, obyektiv və peşəkar diplomatik xətt formalaşdırması zəruridir. (Musavat.com)