ABŞ Ukraynanın təhlükəsizliyini belə təmin etməyə razıdır
15:55 DünyaABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff tərəfindən hazırlanan müharibənin başa çatdırılması planında Ukrayna üçün təhlükəsizlik təminatları maddələrdən biri kimi qeyd olunur. Bu, Kiyevin əsas tələblərindən biridir və ABŞ ilk dəfə olaraq belə təminatları verməyə hazır olduğunu rəsmən təsbit edir.
Bununla belə, müharibənin başa çatdırılması planının özündə həmin təminatlar konkret şəkildə izah olunmur. Yalnız o bildirilir ki, əgər Moskva yenidən Ukraynaya hücum edərsə, "qətiyyətli və koordinasiyalı hərbi cavabla" yanaşı, ona qarşı bütün sanksiyalar bərpa ediləcək.
Olaylar.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məlumata əsasən, ABŞ təhlükəsizlik təminatları dedikdə NATO Nizamnaməsinin 5-ci maddəsi əsasında modelləşdirilmiş öhdəlikləri nəzərdə tutur. Bu maddə bir üzvə edilən hücumu bütün müttəfiqlərə edilmiş hücum kimi qəbul etmə öhdəliyini ifadə edən əsas prinsipdir.
Bu barədə "Axios"un dərc etdiyi bir başqa sənədin layihəsində qeyd olunur və həmin sənədin təkcə Moskva, Kiyev və Vaşinqton tərəfindən deyil, həm də NATO və Aİ tərəfindən imzalanması təklif edilir.
Həmin sənəddə dəqiqləşdirilir ki, əgər Rusiya Ukraynaya təkrar hücum edərsə, ABŞ prezidenti NATO və Aİ ilə məsləhətləşmələrdən sonra "təhlükəsizliyin bərpası üçün lazım olan tədbirləri müəyyən edəcək". Sənəddə qeyd olunur ki, bu tədbirlər silahlı qüvvələrin istifadəsini, kəşfiyyat və logistika dəstəyini, iqtisadi və diplomatik addımları və digər fəaliyyətləri əhatə edə bilər.
Saziş imzalandıqdan sonra təhlükəsizlik razılaşması 10 il müddətində qüvvədə olacaq və uzadılma imkanı olacaq. (Musavat.com)