Netanyahu Qəzza planının ikinci mərhələsi üçün xüsusi nazirlər qrupunu formalaşdırır- ÖZƏL
14:59 Dünyaİsrailin baş naziri Benyamin Netanyahu Qəzza sektorunda atəşkəs planının ikinci mərhələsinin icrası ilə məşğul olacaq yeni nazirlər qrupunu yaradıb. Olaylar.az xəbər verir ki, bu barədə məlumatı Ynet portalı yayıb. Məlumata görə, Netanyahunun rəhbərlik edəcəyi qrupda müdafiə naziri İsrael Kats, xarici işlər naziri Gideon Saar, ədliyyə naziri Yariv Levin, maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri Itamar Ben-Qvir yer alacaq. Mənbələrin bildirdiyinə görə, yeni qrup "yaxın günlərdə" fəaliyyətə başlayacaq.
Qeyd edək ki, 6 oktyabr 2025-ci ildə İsrail və HƏMAS nümayəndələri Misir, Qatar, ABŞ və Türkiyənin vasitəçiliyi ilə Qəzza münaqişəsinin həlli üzrə dolayısı danışıqları bərpa etmişdi. Danışıqların nəticəsi olaraq, 9 oktyabrda tərəflər ABŞ prezidenti Donald Tramp tərəfindən təqdim olunan sülh planının birinci mərhələsinin icrası haqqında razılaşma imzalayıb. Atəşkəs 10 oktyabrda qüvvəyə minib. İsrail hökumətinin rəsmisi Şoş Bedrosyanın bildirdiyinə görə, sülh planının ikinci mərhələsi HƏMAS-ın tərksilah edilməsini, Qəzzanın demilitarizasiyasını və bu təşkilatın bölgənin gələcəyində rol oynamamasını nəzərdə tutur. Bundan əlavə, Qəzza üçün beynəlxalq stabilləşdirmə qüvvələrinin yaradılması da mərhələnin əsas maddələrindəndir.