Sinqapur dörd radikal israilli fəala qarşı sanksiya tətbiq etdi- ÖZƏL
12:00 DünyaSinqapur dörd israilli radikal fəal və yəhudi məskunlaşma hərəkatlarının liderlərinə qarşı maliyyə sanksiyaları tətbiq edib. Olaylar.az xəbər verir ki, Sinqapur Xarici İşlər Nazirliyinin bəyanatına görə, onların Fələstinlilərə qarşı Qərb Sahilində törətdikləri zorakılıq hadisələrinə görə adıçəkilən şəxslərin ölkəyə daxil olması da qadağan olunub.
Sanksiya tətbiq edilən israillilərin adları açıqlanıb: Meir Mordexai Ettinger, Elin Yered, Ben-Tsion Gopşteyn və Barux Marzel. Nazirlik onların fəaliyyətini "qanunsuz" adlandırıb və bunun iki dövlətli həll perspektivlərini təhlükə altına atdığını bildirib.
Sinqapur rəsmi olaraq Qərb Sahilindəki İsrail məskunlaşmalarını qanunsuz hesab etdiyini xatırladaraq, İsrail hökumətini məskunlaşanların törətdiyi zorakılığı dayandırmağa və günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.
Qeyd edək ki, adıçəkilən şəxslər 2024-cü ildə Avropa İttifaqının da sanksiya siyahısına salınıb. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi isə oktyabr ayında Qərb Sahilində yəhudi məskunlaşanlar tərəfindən həyata keçirilən hücumların 2006-cı ildən bəri ən yüksək səviyyəyə çatdığını bildirmişdi.
Noyabrın ortalarında onlarca israilli məskunlaşan Qərb Sahilində bir neçə fələstinli kəndinə hücum edərək avtomobilləri və evləri yandırmış, daha sonra hadisə yerinə gələn İsrail hərbçiləri ilə qarşıdurma yaşamışdı. İsrail Prezidenti İsxak Hersoq həmin hadisəni "şok edici və ciddi" adlandıraraq, hakimiyyəti qəti tədbirlər görməyə çağırmışdı. ABŞ Dövlət katibi Marko Rubio isə son hücumların Qəzza sektorunda atəşkəsin davamlılığı üçün risk yaratdığını vurğulamışdı.