“Əsl sülh mümkün deyil” – Medvedçuk ABŞ planına etiraz etdi- ÖZƏL
21 Noyabr 2025 11:33 DünyaABŞ-ın Qərb mediasında yer alan Ukrayna ilə bağlı yeni sülh planı münaqişənin kök səbəblərini aradan qaldırmadığı üçün real sülhə gətirib çıxara bilməz. Olaylar.az xəbər verir ki, bu fikri "Başqa Ukrayna" hərəkatının rəhbəri, qadağan olunmuş "Müxalifət Platforması - Həyat Naminə" partiyasının keçmiş lideri Viktor Medvedçuk səsləndirib.
O, "Smotrim.ru" platformasında dərc olunan müəllif məqaləsində bildirib ki, planın müəyyən müsbət məqamları olsa da, "Ukrayna münaqişəsinin səbəblərini aradan qaldırmır". "Bu səbəblər aradan qaldırılmayınca, heç bir real sülh olmayacaq", - deyə Medvedçuk vurğulayıb.
Qərb mediasının yayımladığı məlumata görə, ABŞ-ın hazırladığı planda Vaşinqton və digər ölkələrin Krım, Donbass və Ukraynanın tərk etməli olacağı digər ərazilər üzərində Rusiyanın suverenliyini tanıması nəzərdə tutulur. Əvəzində Kiyevə ABŞ və Avropa ölkələri tərəfindən təhlükəsizlik zəmanətləri veriləcək.
Plana əsasən, Ukrayna ordusunun çıxacağı bölgələrdə demilitarizasiya zonaları yaradılacaq. Axios-un ABŞ rəsmisinə istinadən yazdığına görə, Xerson və Zaporojye istiqamətində təmas xətti dondurulacaq, Rusiya bəzi rayonları Ukraynaya qaytaracaq. Bundan əlavə, Ukrayna ordusu ciddi şəkildə ixtisar ediləcək və uzun mənzilli silahlardan məhrum ediləcək. Ölkə ərazisində xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulacaq, rus dili isə dövlət dili statusu alacaq. Bloomberg yazır ki, plan Rusiyaya qarşı tətbiq olunan sanksiyaların ləğvini də nəzərdə tutur.
Kremlin sözçüsü Dmitri Peskov isə TASS-a açıqlamasında bildirib ki, Ukrayna münaqişəsinin tənzimlənməsi ilə bağlı Alaska görüşündə Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında əldə edilmiş razılaşmalara əlavə hər hansı yeni təklif yoxdur.