"Bloomberg": Böyük Britaniya Ukraynaya hərbi qüvvə göndərməyə hazırlaşır – ÖZƏL
10:27 DünyaBöyük Britaniya müharibənin mümkün başa çatması ssenarisi və sülh prosesində iştirak çərçivəsində Ukraynaya hərbi bölmələr yerləşdirmək planlarını dəqiqləşdirib.
Olaylar.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Məlumata görə, yay aylarında aparılan kəşfiyyat və hazırlıq yoxlamalarından sonra rəsmi London hansı qoşun növlərinin göndəriləcəyini və qərargahların harada yerləşəcəyini müəyyənləşdirib. Bu tədbirlər sülh sazişi imzalanacağı təqdirdə Ukraynaya dəstək məqsədilə Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi 30 ölkədən ibarət koalisiya çərçivəsində həyata keçirilir.
Planın detallarına əsasən, hərbi bölmələrin cəbhə xəttindən uzaqda yerləşdirilməsi nəzərdə tutulur. Əsas məqsəd Ukrayna ordusunun bərpasını təmin etmək və hərbçilərə ölkə daxilində təlim keçməkdir. Çoxmillətli qoşunların fəaliyyətinin koordinasiyası britaniyalı general-mayor rütbəli zabitə həvalə olunacaq.
London atəşkəs sazişi imzalanacağı təqdirdə qoşunların ilkin yerləşdirilməsi xərcləri üçün 100 milyon funt sterlinqdən çox vəsait ayırmağa hazırdır. Dəniz yollarının təhlükəsizliyi və limanların minalardan təmizlənməsi üçün Türkiyə, Rumıniya və Bolqarıstanın Qara dənizdəki əməliyyat qrupunun genişləndirilməsi planlaşdırılır.
Paralel olaraq, ABŞ-nin hərbi nümayəndə heyəti Rusiya ilə sülh danışıqlarını bərpa etmək cəhdləri çərçivəsində Kiyevdə görüşlər keçirir.
Xatırladaq ki, Böyük Britaniya həmçinin Ukraynanın enerji sisteminin bərpasına 17 milyon dollardan çox vəsait ayırıb və Rusiyaya iqtisadi təzyiqi artırmaq məqsədilə bu ölkədən mayeləşdirilmiş qazın dəniz yolu ilə daşınmasına qadağa qoyub.