ABŞ-da aviadispetçerlər bağlanma zamanı işləmək üçün 10 min dollar alacaqlar- ÖZƏL

Olaylar.az xəbər verir ki, NBC-nin məlumatına görə, ABŞ-da təxminən 800 aviadispetçer və texniki mütəxəssis hökumətin qismən bağlanması (şatdaun) dövründə gördükləri işə görə 10 min dollar məbləğində mükafat alacaq. Bu qərar ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncama əsaslanır. Sərəncama görə, federal hökumətin fəaliyyətinin 43 gün dayandırıldığı dövrdə əməkhaqqısız işləyən aviadispetçerlər xüsusi mükafatla təltif edilirlər. Maliyyə ödəmələrinin 9 dekabradək həyata keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, ABŞ federal hökumətində qismən bağlanma oktyabrın 1-də, Konqresdə respublikaçılar və demokratlar arasında səhiyyə də daxil olmaqla bir sıra xərclər üzrə razılığın əldə olunmaması səbəbindən başlamışdı. Tərəflər bir-birini prosesi siyasiləşdirməkdə və şatdaunu uzatmaqda ittiham edirdilər.
Noyabrın 12-də ABŞ Prezidenti Donald Tramp federal hökumətin maliyyələşdirilməsinin 2026-cı il yanvarın 30-dək davam etdirilməsini nəzərdə tutan qanunu imzaladı və bununla da ölkə tarixinin ən uzun - 43 günlük şatdaunu başa çatdırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31