Putinin adamından ilginc təklif: Rusiyadan ABŞ-a tunel çəkilsin
17 Oktyabr 10:09 DünyaRusiyadan Berinq boğazı vasitəsilə ABŞ-a tunel çəkilə bilər.
Olaylar.az xəbər verir ki, layihə barədə məlumatı Rusiya prezidentinin xarici ölkələrlə investisiyalar və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev "X" hesabında açıqlayıb.
Onun sözlərinə görə, 8 ildən az müddətdə tikilə bilən tunel 8 milyard dollardan aşağı məbləğə başa gələ bilər:
"Təsəvvür edin ki, ABŞ və Rusiya Amerika və Afro-Avrasiyanı Putin-Tramp tuneli - birliyi simvolizə edən 70 millik marşrutla birləşdirir".
Rusiya rəsmisi qeyd edib ki, ənənəvi üsullarla tikilən belə tunelin dəyəri 65 milyard dollardan çox olar. Bununla belə, sahibkar İlon Mask tərəfindən təsis edilən, infrastruktur layihələri və tunel tikintisində ixtisaslaşan "The Boring Company" şirkətinin texnologiyaları bu xərcləri 8 milyard dollardan aşağı sala bilər.
Bundan əlavə, layihənin potensial tamamlanma müddəti 8 ildən azdır.
Rusiya prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, belə tunellə tikilən yük dəmir yolu marşrutu resursların birgə inkişafına yol açar, Rusiya-ABŞ layihələri isə iş yerləri yarada və iqtisadiyyatı stimullaşdıra bilər.
Dmitriyevə görə, belə bir meqalayihə "The Boring Company"ni "infrastrukturda ən inanılmaz yenilikçi" edə bilər:
"RDIF artıq Rusiya ilə Çin arasında ilk dəmir yolu körpüsünə sərmayə qoyub və inşa edib. Bəşər tarixində ilk dəfə olaraq daha çox iş görmək və qitələri birləşdirmək vaxtı çatıb. Rusiya ilə ABŞ-ı birləşdirməyin vaxtı çatıb".
Qeyd edək ki, Kirill Dmitriyevin bu paylaşımı Donald Trampla Vladimir Putinin iki saatdan çox çəkən telefon danışığından dərhal sonra etməsi maraq doğurur. Çünki Tramp danışıq zamanı iki ölkə arasında ticarətlə bağlı "çoxlu müzakirələr" apardıqlarını açıqlayıb. Rusiya rəsmisinin bu paylaşımı ilk növbədə biznesmen olan Donald Trampı Ukraynanı Moskvanın istədiyi sülhə razılaşdırmaqla, qısa zamanda Rusiya ilə iqtisadi münasibətləri bərpa etməyə yönəltmək məqsədi güdür. (Musavat.com)