Marukyan Ağrı dağının vizadan çıxarılması qərarını məhkəməyə verib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Maariflənmiş Ermənistan" Partiyasının sədri, xüsusi tapşırıqlar üzrə keçmiş səfir Edmon Marukyan hökumətin 11 sentyabr tarixli qərarına qarşı İnzibati Məhkəməyə müraciət edib. Qərara əsasən, 1 noyabrdan etibarən pasportlara vurulan giriş-çıxış möhürlərində Ağrı dağının təsviri artıq yer almayacaq.

Marukyan hesab edir ki, bu addım həm Ermənistan Konstitusiyasına, həm də dövlət gerbi haqqında qanuna ziddir:

"Qərarın hüquqi əsası yoxdur və onun arxasında heç bir əsaslandırma mövcud deyil," - deyə siyasətçi vurğulayıb.

O, iddiasında hakim "Vətəndaş müqaviləsi" fraksiyasının nümayəndələri - Mariya Karapetyan, Armen Qriqoryan və Artur Ovanisyanın - Ağrı dağının "Real Ermənistan" anlayışına uyğun gəlmədiyini söylədiklərini də xatırladıb.

Hökumət qərarında bu barədə birbaşa qeyd yer almasa da, yeni möhürün ölçüləri 38×24 mm olacaq. Möhürdə "ARMENIA" yazısı, sərhəd-keçid məntəqəsinin adı, tarix, nəzarət nömrəsi, giriş və ya çıxış işarəsi, həmçinin hava, dəmir yolu və avtomobil keçidlərinə aid emblemlər təsvir ediləcək.

Baş nazir Nikol Paşinyan Ağrı dağının təsvirinin çıxarılmasını Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmətlə izah edib. Parlament fraksiyasının katibi Artur Ovanisyan isə bildirib ki, dövlət möhürləri "emosional deyil, rəsmi simvolları" əks etdirməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31