Qəzza zolağının bərpası 70 milyard dollara başa gələcək – ÖZƏL
16:40 DünyaQəzza zolağının bərpası 70 milyard dollar xərc tələb edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramının (UNDP) Fələstin xalqına yardım proqramı üzrə xüsusi nümayəndəsi Yako Silliers məlumat verib.
Onun sözlərinə görə, BMT, Avropa İttifaqı və Dünya Bankı tərəfindən birgə aparılan zərər və ehtiyacların ilkin qiymətləndirilməsinə əsasən, Qəzzanın yenidən qurulması üçün təxminən bu məbləğdə vəsaitə ehtiyac var.
Silliers bildirib ki, təşkilatların əsas məqsədi yalnız dağıntıların miqyasını müəyyənləşdirmək deyil, həm də bərpa işlərinin prioritet istiqamətlərini müəyyənləşdirməkdir:
"Yəqin ki, bütün ərazilərin bərpası mümkün olmayacaq", - deyə o əlavə edib.
O, həmçinin bərpa işlərinin nə qədər davam edəcəyi barədə proqnoz verməkdən imtina edib.
Xatırladaq ki, 6 oktyabrda İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə dolayı danışıqları bərpa ediblər.
9 oktyabrda tərəflər ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsinin icrasına dair saziş imzalayıblar.
Qəzzada atəşkəs 10 oktyabrdan qüvvəyə minib.