Çin bu şirkətlərə sanksiya tətbiq etdi

Çin hökuməti Cənubi Koreyanın "Hanwha Ocean" gəmiqayırma korporasiyasının ABŞ-dakı 5 törəmə müəssisəsinə qarşı sanksiya tətbiq edib.

Olaylar.az xəbər verir ki, məlumatı Çin Ticarət Nazirliyi yayıb.

Məlumata görə, bunlar "Hanwha Shipping LLC", "Hanwha Philly Shipyard Inc.", "Hanwha Ocean USA International LLC", "Hanwha Shipping Holdings LLC" və "HS USA Holdings Corp." şirkətləridir. Onlar Çinin xarici sanksiyalara qarşı tədbirlərin əhatə etdiyi qurumlar siyahısına daxil edilib. Konkret olaraq, Çindəki şirkətlərə və fiziki şəxslərə onlarla hər hansı bir əməliyyata girmək və ya əməkdaşlığı təşviq etmək qadağandır.

Nazirlik bildirir ki, bu, Pekinin Vaşinqtonun Çinin dənizçilik, logistika və gəmiqayırma sənayesinə qarşı tədbirlərinə cavabıdır.

Bəyanatda vurğulanır ki, "Hanwha Ocean"ın Birləşmiş Ştatlarla əlaqəsi olan bu törəmə şirkətləri "ABŞ hökuməti ilə əməkdaşlıq edib və müvafiq təhqiqatı dəstəkləyib, bununla da Çin Xalq Respublikasının suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını təhlükə altına atıb".

Çinin yeni sanksiya tədbirləri oktyabrın 14-dən qüvvəyə minəcək. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31