Merz:“Almaniya hökuməti vətəndaşların etimadını bərpa etməlidir” - ÖZƏL

Almaniya kansleri Fridrix Merz bildirib ki, xüsusilə ölkənin şərq bölgəsində yaşayan vətəndaşların hökumətə olan etimadını bərpa etmək niyyətindədir. Olaylar.az xəbər verir ki, Potsdamda Brandenburq əyalətinin baş naziri Ditmar Voydke ilə birgə mətbuat konfransında çıxış edən Merz deyib:
"Biz bu məsələni də müzakirə etdik: Niyə bir çox insan hazırkı siyasi fəaliyyətimizdən narazıdır? Bizim üçün ən yaxşı yol - problemləri həll edib göstərməkdir ki, siyasi mərkəzdən olan qüvvə kimi ölkəmizin qarşısında duran çətinlikləri aradan qaldıra bilirik. Həm federal hökumət, həm də əyalət hökumətləri bu gün sübut etməlidirlər ki, problemlərin öhdəsindən gəlmək gücündədirlər." Kansler infrastrukturun və səhiyyə sisteminin inkişafına da diqqət çəkib:
"Bu mövzular ailələrdə, dostlarla görüşlərdə, kafelərdə, iş yerlərində tez-tez müzakirə olunur. Lakin bütün bu sahələr artıq əvvəlki kimi yaxşı işləməyib. Biz göstərməliyik ki, dövlət hələ də işlək vəziyyətdədir."
Son zamanlar Almaniya hökumətinə və kansler Merzə olan ictimai dəstək azalıb. RTL və N-TV telekanallarının sifarişi ilə "Forsa" sorğu mərkəzinin apardığı rəy sorğusuna əsasən, əhalinin 71%-i hökumətin fəaliyyətindən narazıdır. Bu, Merzin may ayında vəzifəyə başlamasından bəri ən yüksək narazılıq göstəricisidir. Sorğuya görə, almanların yalnız təxminən 30%-i hökumətin ölkə iqtisadiyyatını yenidən böyümə yoluna qaytara biləcəyinə inanır.
Qeyd edək ki, 6 mayda Almaniya parlamenti Fridrix Merzi ikinci turda kansler seçib. Ölkədə növbədənkənar seçkilər isə 23 fevralda - ötən ilin noyabrında hökumət koalisiyasının büdcə və maliyyə siyasətində, o cümlədən Kiyevə yardım məsələsində yaranan ixtilaflar səbəbindən dağılmasından sonra keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31