Suriyanın bərpasına bu qədər vəsait lazımdır - əl-Şaraa AÇIQLADI

Suriya prezidenti Əhməd əl-Şaraa CBS News telekanalının "60 dəqiqə" proqramına müsahibəsində bildirib ki, Suriya sülh və təhlükəsizlik şəraitində yaşamağa layiqdir.

Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, müharibədən zərər çəkmiş regionun bərpası üçün 600-900 milyard dollar arasında vəsait və beynəlxalq ictimaiyyətin geniş dəstəyi lazımdır.

Əl-Şaraa vurğulayıb ki, iqtisadi sanksiyalar ölkənin bərpasına mane olur və onların davam etdirilməsi bu siyasəti dəstəkləyənləri cinayətin şəriki edir. O, Suriya suverenliyinə hörmətlə yanaşılması şərti ilə beynəlxalq əməkdaşlığa hazır olduqlarını təsdiqləyib.

Prezident əlavə edib ki, İsrailin prezident sarayına hücumu "müharibə elanı" sayılır, lakin Dəməşq qarşıdurma istəmir.

"Biz Dəməşqə gəldiyimiz gündən İsraili təxribatlara çəkməmişik və onun, yaxud başqa bir ölkənin təhlükəsizliyinə təhdid yaratmaq istəmirik," - deyə Əl-Şaraa qeyd edib.

Onun sözlərinə görə, İsrail 2024-cü il dekabrın 8-dən sonra bütün işğal olunmuş əraziləri tərk etməlidir. Suriya lideri həmçinin İsrailin druzların müdafiəsi ilə bağlı tələblərini rədd edərək bunun "Suriya Respublikasının daxili işi" olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31