Zurabişvili: Gürcüstanda müxalifət partiyaları qadağan oluna bilər – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın 5-ci Prezidenti Salome Zurabişvili sosial şəbəkə X-də yayımladığı bəyanatla ölkədə vəziyyətin gərginləşdiyini bildirib. 

O qeyd edib ki, hakim partiya müxalifət partiyalarının qadağan edilməsini və onların bütün üzvlərinin gələcəkdə siyasi fəaliyyətinə qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi təqdim edir, bu isə "Gürcüstanda terrorun yeni yüksəkliklərə çatmasıdır".

Zurabişvili, həmçinin, hakim partiyanın mitinq iştirakçılarına qarşı irəli sürülən inzibati ittihamları cinayət prosedurları ilə əvəz etdiyini vurğulayıb.

Hakim "Gürcü Arzusu" partiyasının məlumatına görə, Gürcüstanın "Konstitusiya Məhkəməsi haqqında" üzvi qanununa bir sıra dəyişikliklər ediləcək. Partiya üzvlərinin bəyanatına görə, dəyişikliklərə əsasən, "Konstitusiya prinsiplərini pozan siyasi partiyalarla əlaqəli şəxslərə qarşı passiv seçki hüququ qadağası" tətbiq ediləcək. 

"Gürcü Arzusu" həmçinin bildirib ki, bu şəxslər nəinki ölkənin idarə edilməsində iştirak edə bilməyəcəklər, həm də partiya fəaliyyətindən uzaqlaşdırılacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31