Ermənistan müxalifəti: Paşinyan 44 günlük müharibə komissiyasının hesabatını özü redaktə edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan parlamentinin müxalif "Şərəfim Var" fraksiyasının deputatı Tiqran Abramyan, Baş nazir Nikol Paşinyanın 44 günlük müharibə ilə bağlı parlament komissiyasının hesabatının giriş və yekun hissələrini şəxsən redaktə etdiyini güman edir.
Müxalifətçinin belə bir qənaətə gəlməsinə səbəb sənədin həmin hissələrini oxuması olub.

Abramyan sosial şəbəkələrdə yazır ki, hesabatda hakimiyyətin mütəmadi olaraq opponentlərə qarşı səsləndirdiyi ittiham və damğalar yer alıb.

Eyni zamanda, siyasətçi üçün hesabatın nə üçün ictimaiyyətə açıqlanmadığı aydındır. Abramyanın fikrincə, Paşinyan nə qədər özünə bəraət qazandırmağa, məsuliyyəti ordu, daxili və xarici qüvvələrin üzərinə atmağa çalışsa da, hətta bu sənəddə də məğlubiyyət və sonrakı bədbəxtliklərə görə əsas məsuliyyətin hakimiyyətin üzərində olduğu aydın görünür.

Deputatın sözlərinə görə, hesabatdan həmçinin ordunun qeyri-bərabər döyüşdə inadla vuruşduğu və sona qədər dayanan bütün qəhrəmanlara hörmət edilməli olduğu nəticəsi çıxır.

Daha əvvəl məlum olmuşdu ki, parlamentin spikeri Alen Simonyan 44 günlük müharibə komissiyasının hesabatını Milli Məclis Aparatının birinci şöbəsinə göndərib (bu şöbə dövlət və xidməti sirrin qorunmasını, məxfilik rejimini təmin edir, saxlanma müddəti bitmiş məxfi və ya xüsusi məxfi sənədlərin məxfilikdən çıxarılması, dövlət arxivinə verilməsi və ya məhv edilməsi işlərini yerinə yetirir).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31