Aİ qeyri-qanuni miqrasiyaya qarşı tədbirləri sərtləşdirmək istəyir - ÖZƏL
10:52 DünyaAvropa İttifaqına üzv ölkələrin daxili işlər nazirləri oktyabrın 14-də Lüksemburqda qeyri-qanuni miqrasiyaya qarşı tədbirlərin sərtləşdirilməsi məsələsini müzakirə edəcəklər. Lakin "dərin fikir ayrılıqları" səbəbindən razılığa gəlmək ehtimalı azdır. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti Avropa İttifaqındakı mənbələrə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, ən mübahisəli məsələ üzv ölkələrin bir-birinin deportasiya qərarlarını tanıması ilə bağlıdır. "Direktivin ən siyasi baxımdan həssas tərəfi digər Aİ ölkəsinin deportasiya qərarının məcburi şəkildə tanınmasıdır. Üzv dövlətlər arasında bu məsələdə ciddi fikir ayrılığı var", - deyə Avropa diplomatı bildirib.
Məsələyə münasibətlər fərqlidir: İsveç və Almaniya digər ölkələrin deportasiya qərarlarının könüllü şəkildə tanınmasını dəstəkləyir, lakin bir sıra dövlətlər bu yanaşmaya qarşı çıxır. Diplomatik mənbələrə görə, məhz bu səbəbdən nazirlər görüşdə yekdil qərara gələ bilməyəcəklər.
Mübahisə doğuran digər məsələ isə "məcburi həmrəylik" adlanan miqrasiya strategiyasıdır. Bu mexanizm bəzi üzv ölkələrdəki miqrasiya təzyiqini azaltmaq məqsədilə sığınacaq axtaranların digər Aİ ölkələrinə köçürülməsini nəzərdə tutur. Lakin bütün ölkələr əlavə miqrant qəbul etməyə hazır deyil, Polşa isə bu mexanizmə tam şəkildə qarşı çıxır.
Avropa Komissiyasının məlumatına görə, sığınacaq verilməsindən imtina edilən şəxslərin cəmi 20 faizi öz ölkələrinə qaytarılır. Bir çox Aİ ölkəsi bir-birinin deportasiya qərarlarını tanımadığı üçün həmin şəxslər başqa bir ölkədə yenidən sığınacaq müraciəti edə bilirlər. Bundan başqa, bəzi dövlətlər miqrantları geri qəbul etməkdən imtina edir.
Avropa Komissiyası bu problemi həll etmək məqsədilə yeni strategiya təklif edib. Strategiya miqrantların doğma ölkələrinə və ya Avropa İttifaqından kənarda yaradılacaq xüsusi mərkəzlərə göndərilməsini asanlaşdırmağı hədəfləyir.