“Gürcü müxalifəti Paşinyanın “siyasətinə” boşuna güvəndi” – ÖZƏL
09:20 DünyaGürcüstanda keçirilən bələdiyyə seçkilərində müxalifət məğlub olduqdan sonra onun liderlərindən biri Levan Xabeişvili 4 oktyabrın "sülh yolu ilə çevrilişin günü" olacağını bəyan etmişdi. Daha sonra "sülh yolu ilə hakimiyyət dəyişikliyi", ardınca isə "sülh inqilabı" ifadəsini işlədib, Ermənistan nümunəsini göstərmişdi.
Olaylar.az xəbər verir ki, bu barədə gürcü politoloq Arçil Sixarulidze Sputnik Ermənistan radiosuna danışıb.
Ekspertin sözlərinə görə, müxalifət Avropa rəsmilərinin dəstəyi ilə Ermənistandakı kimi hakimiyyətin küçə etirazları vasitəsilə dəyişəcəyinə ümid etmişdi. Lakin seçkiləri boykot edən və aksiyalara çıxan müxalif qüvvələr ciddi səhv buraxdı - prezident iqamətgahına hücum etməklə və polisə qarşı zorakılığa yol verməklə hakimiyyətə qüvvə tətbiq etmək üçün əsas verdilər.
Sixarulidzenin fikrincə, "Gürcü arzusu" partiyası seçkilərə ciddi hazırlıq görmüşdü və cəmiyyətə aydın mesaj vermişdi: Gürcüstan Avropaya inteqrasiya etmək istəyir, lakin kənardan diktə edilən siyasətə boyun əyməyəcək.
Politoloq qeyd edib ki, hadisələr zamanı Qərb dövlətləri müxalifətə real dəstək göstərməyib, Avropa İttifaqı sadəcə "tərəfləri sülhə çağırmaqla" kifayətlənib.
O əlavə edib ki, ölkədə Avropa yönümlü radikal qrup formalaşıb və bu təbəqə "Avropa naminə ölkəni belə qarışıqlığa sürükləməyə hazırdır". Lakin əhalinin təxminən 60 faizi qarşıdurma deyil, sabitlik tərəfdarıdır.