Volodin: Rusiyada yüz minlərlə miqrant ölkədən çıxarılacaq – ÖZƏL

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bəyan edib ki, hazırda ölkədə yüz minlərlə qanunsuz miqrant yaşayır və onlara qarşı ölkədən çıxarılma tədbirləri görüləcək. 

Olaylar.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Volodinin sözlərinə görə, bir ay öncə - 10 sentyabrda - Rusiyada qanunsuz yaşayan əcnəbilərin qeydiyyata alındığı nəzarət olunan şəxslər reyestrinin müddəti başa çatıb. Daxili İşlər Nazirliyinin məlumatına əsasən, 1 sentyabr tarixinə reyestrdə 770 min miqrant qeydiyyatda olub, onların üçdə biri qadın və uşaqlardan ibarətdir.

Volodin bildirib ki, həmin şəxslər üçün artıq çıxarılma rejimi tətbiq olunub. Bu rejim miqrantların hüquqlarına məhdudiyyətlər qoyur və nəzarət tədbirlərini genişləndirir. Xüsusilə, miqrantlara sürücülük vəsiqəsi almaq, daşınmaz əmlak və nəqliyyat vasitələri ilə əməliyyat aparmaq, nikaha girmək, eləcə də bank hesabı açmaq və pul köçürmək qadağan edilir.

"Rusiyada qalma statusunu qanuniləşdirməyən hər kəs ölkəmizi tərk etməlidir. Onlar çıxış tarixini, yerini və marşrutunu əvvəlcədən bildirməlidirlər", - deyə Volodin vurğulayıb.

Dövlət Dumasının sədri əlavə edib ki, ölkədən vaxtında çıxmayanlara qarşı məcburi deportasiya, cərimə və beş il müddətinə Rusiyaya giriş qadağası tətbiq olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31