ABŞ-də hökumət böhranı ehtiyac sahiblərinə yardım proqramlarını iflic vəziyyətə salır – ÖZƏL

ABŞ-də federal hökumətin maliyyələşməsinin dayandırılması (şatdaun) ölkə üzrə aztəminatlı ailələrə ərzaq yardımı göstərən təşkilatların vəziyyətini çətinləşdirib. 

Olaylar.az xəbər verir ki, The Washington Post qəzetinin məlumatına görə, bu təşkilatların bir çoxu dövlət vəsaitlərindən asılı olduqları üçün ərzaq ehtiyatları tükənmək üzrədir.

Filadelfiyada yerləşən Share Food Program təşkilatının rəhbəri Corc Mataisikin sözlərinə görə, yardım göstərmək getdikcə çətinləşir. O bildirib ki, artıq şatdaundan əvvəl belə, ABŞ prezidenti Donald Tramp administrasiyasının xərclərin azaldılması siyasəti nəticəsində təşkilat 8,5 milyon dollar dövlət subsidiyasını itirib:

"Heç vaxt anbarımızın son üç ayda olduğu qədər boş olduğunu görməmişdim. İndi buna bir də şatdaun əlavə olunub", - deyə Mataisik bildirib.

Onun sözlərinə görə, ərzaq ehtiyatları təxminən bir ay kifayət edəcək, lakin maliyyələşmə bərpa olunmasa, ciddi çətinliklər yaranacaq.

Xatırladaq ki, ABŞ federal hökumətinin fəaliyyəti 1 oktyabrda (Bakı vaxtı ilə 07:00) maliyyələşmənin olmaması səbəbindən qismən dayandırılıb. Respublikaçılar və demokratlar Konqresdə bir sıra xərclər - xüsusən səhiyyə sahəsindəki büdcə maddələri - üzərində razılığa gələ bilmirlər və bir-birini siyasi məqsədlərlə şatdaunu uzatmaqda ittiham edirlər.

1977-ci ildən bəri ABŞ-də hökumət maliyyələşməsinin kəsilməsi 20-dən çox dəfə baş verib. Ən uzunmüddətli şatdaun isə 2018-ci il 22 dekabrdan 2019-cu il 25 yanvaradək - Donald Trampın prezidentliyinin birinci dövründə - 35 gün davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31