Tramp Orbanı Şarm əl-Şeyxdə keçiriləcək “Sülh Sammitinə” dəvət edib - ÖZƏL

Macarıstanın Baş naziri Viktor Orban Şarm əl-Şeyxdə keçiriləcək "Sülh Sammitində" iştirak edəcək. Olaylar.az xəbər verir ki, o, sammitə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə qatılacağını bildirib. Orban qeyd edib ki, sammit Qəzza zolağında atəşkəs razılaşmasının əldə olunması münasibətilə təşkil olunur. "Trampın dəvəti ilə bu gün Şarm əl-Şeyxdə keçirilən "Sülh Sammitində" iştirak edəcəyəm. Burada ABŞ, Qətər, Türkiyə və Misir liderləri Yaxın Şərq üzrə sülh planını imzalayacaqlar. Bu, böyük nailiyyətdir. Prezident Tramp bunu bacardı və əgər müharibə tərəfdarlarının çağırışlarına uymasaq, o, Ukraynada da buna nail olacaq. Biz ona bütün zəruri dəstəyi göstərməliyik", - deyə Orban X sosial platformasında yazıb.
Macarıstan baş naziri əlavə edib ki, "dünyada sülh tərəfdarlarının qlobal şəbəkəsi mövcuddur və bu şəbəkə Yaxın Şərq, Qafqaz və Ukraynada sülh naminə birlikdə çalışır." Onun sözlərinə görə, Macarıstan bu "ağlın və sağlam düşüncənin ittifaqının" üzvü olmaqdan qürur duyur.
Qeyd edək ki, sentyabrın 29-da Ağ Ev Donald Trampın Qəzza zolağındakı münaqişənin həlli ilə bağlı planını açıqlamışdı. 20 bənddən ibarət sənəd bölgədə müvəqqəti beynəlxalq idarəetmə və sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur. İsrail planı dəstəklədiyini bəyan edib, HƏMAS isə bütün israilli girovların azad edilməsinə və həlak olanların cəsədlərinin təhvil verilməsinə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31